Vikimənbə:Günün mətni/iyun 18

Əziz
Yusif Vəzir Çəmənzəminli

Ballı xala qabı eşib, bir qızarmış iri kələm dolması tapıb, oğlu Qulunun ağzına uzatdı. -Qurbanın olsun anan, buncuğazı ye!
Qulu cavabında “iştaham yoxdur” dedisə də, Ballı xala dolmanı bir az da irəli uzatdı: -Yox, vallah yeyəcəksən!
-A kişi, yemirəm!
-Yox, yeyəcəksən!
Qulunun iştahası yox idisə də, axırda əlacı kəsilib, rəngsiz dodaqlarını aralayıb, dolmanı içəri ötürdü.
Ballı xalanın dul qızı Güldəstə dolma qabına bir tikə vuranda əlinə bir qırmızı üzək keçib, cəld qovzadı:
-Qulu, bunuca ye!
-A kişi, yemirəm!
-Bıy, ədə bir ağzını aç!
Qulu istədi saralmış üzünü turşaldıb, bacısına acıqlansın, bir vaxt gördü üzəyin ucu ağzına yetib, yağı damcılayır. Əlacı kəsilib, yenə rəngsiz dodaqlarını araladı və üzəyi içəri ötürdü. Qulu üzəyi bir əngindən o biri ənginə aparıb, asta-asta çeynəyirdi, bir də gördü xalası kor Qızxanım qabdan bir sümük tapıb, apardı qıpıq gözlərinin qabağına və bir az o yan-bu yana çöndərib zənn ilə baxdıqdan sonra çığırdı:
-Qulu, xalan kor olsun, bircə bu sümüyü gəmir!