Vikimənbə:Günün mətni/iyun 9

Olmaz
Xəstə Qasım

Dəli könül, nə divanə gəzirsən,
Bivəfa dilbərdən sənə yar olmaz.
Düz çıxmaz ilqarı, əhdi-peymanı,
Hərcayıda namus, qeyrət, ar olmaz.

Üz vermə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə,
Ot bitər kök üstə, əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz.

Vəfalıya əmək çəksən itirməz,
Bədəsil nəsihət, öyüd götürməz
Qabaq tağı tər şamama bitirməz,
Göy söyüddə heyva olmaz, nar olmaz.