Vikimənbə:Günün mətni/mart 17

Ma Lyan və sehirli fırça
Çin nağılı

Nağıl edirlər ki, lap qədimlərdə Ma-lyan adlı bir oğlan vardı. Onun atası və anası çoxdan ölmüşdülər. O, çırpı yığar, ot dərər, bunlarla da dolanardı. Oğlan, uşaqlardan şəkil çəkməyi öyrənmək istəyirdi, ancaq elə kasıbdı ki, özünə bircə dənə fırça almağa da pulu yox idi.
Bir dəfə Ma-lyan məktəbin qapısı qabağından keçəndə gördü ki, müəllim nəsə maraqlı bir şey çəkir. Uşaq içəri girib müəllimə dedi:
– Mən şəkil çəkməyi öyrənmək istəyirəm. Siz mənə fırça verə bilərsinizmi?
Müəllim hiddətlə bağırdı:
– Sən, səfil, şəkil çəkməyi öyrənmək istəyirsən? Heç o fikrə düşmə!
Onu qovub qapıdan bayıra çıxartdı.
“Nə üçün belədir? – deyə Ma-lyan ürəyində öz-özünə dedi. – Yoxsul oğlanın hətta şəkil çəkməyi öyrənməyə də ixtiyarı yoxdur?” Ma-lyan isə inadcıl idi. O, hər gün dağlarda çırpı yığaraq, çöplə qumun üstündə uçan quş şəkli çəkirdi. Ot dərdiyi çayın qı- rağında barmağını suya batırıb qayanın üstündə, üzən balıq şəkli çəkər, yaşadığı mağaraya qayıdanda isə mağaranın divarında ev şeyləri və qab-qacaq şəkli çəkərdi – mağaranın dörd divarının dördü də şəkillə dolu idi.
Ma-lyan ilbəil, bircə gün də arada ötürməyərək, şəkil çəkmək öyrənirdi və bu sahədə böyük müvəffəqiyyət qazanmaqda idi; belə ki, onun çəkdiyi quş şəkilləri elə bil canlı idi, bu saat oxuyacaqdılar, balıqlar elə bil indicə üzəcəkdilər... Bir dəfə axşam Ma-lyan yerinə girib o saat yuxuya getdi. Bütün günü işləyib bərk yorulmuşdu. Birdən ağsaqqal bir kişi onun qabağında zahir oldu, ona bir fırça verib dedi: