Vikimənbə:Günün mətni/mart 6

Sığmazam
İmadəddin Nəsimi

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.

Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.

Surətə baxu mə'nini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.