Vikimənbə:Günün mətni/may 14
Gəl!
İmadəddin Nəsimi
Firqətin yandırdı bağrımı, yürəgim qan oldu, gəl!
Gəl ki, didarın bu sayru cana dərman oldu, gəl!
Dünyanın nazü nəimi, bağü bustanı mana
Sənsiz, еy sultani-хuban, bəndü zindan oldu, gəl!
Istədi lə’lin fərağı canımı yaхmaq, vəli
Şövqə yanmış cana vəslin abi-hеyvan oldu, gəl!
Ol könül ki, daima işi səninlə vəsl idi,
Yandı şövqündən, əsiri-dərdü hicran oldu, gəl!
Canımın canı vüsalındır, vüsalından anı
Ta kim, ayırdı fələk, biçarə bican oldu, gəl!
Aşiqin bağü gülüstanı üzün gülzarıdır,
Qanğı gülzarın adı gülsüz gülüstan oldu, gəl!