Vikimənbə:Günün mətni/may 16
Qandasan
İmadəddin Nəsimi
Canımı yandırdı şövqün, ey nigarım, qandasan?
Gözlərim nuru, iki aləmdə varım, qandasan?
Bağrımı qan eylədi acı fəraqın, gəl iriş,
Ey ləbi vüslət şərabi-xoşgüvarım, qandasan?
Firqətin xarı məni gör kim, nə məcruh eylədi,
Ey gözü nərgis, həbibi-gülüzarım, qandasan?
Səbrimi yəğmaladı şövqün, qərarım qalmadı,
Ey mənim aramım, ey səbrü qərarım, qandasan?
Eylədi eşqin məni qalxan məlamət tirinə,
Ey gözü, qaşı yeləkli şəhriyarım, qandasan?
Ta üzün şəm’indən iraq düşmüşəm, pərvanətək
Yanaram leylü nəhar, ey nurü narım, qandasan?