Vikimənbə:Günün mətni/may 2

Etməgil!
İmadəddin Nəsimi

Üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil!

Qaşların qövsündə müjganın xədəngin gizləyib,
Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!

Canımı vəslin şərabından ayırdın, ey gözüm,
Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!

Qoymuşam eşqində mən kövnü məkanın varını,
Can nədir kim, qəsdi-can etmək dilərsən, etməgil!