Vikimənbə:Günün mətni/may 21
Ənvara düşmüşəm
İmadəddin Nəsimi
Üzün günündən, ey qəmər, ənvara düşmüşəm,
Anəstünarən olmuşam, ol nara düşmüşəm.
Darüs-səlami-hüsnünə, ey cənnətin gülü,
Düşdüm əzəldə, gör ki, nə gülzara düşmüşəm.
Düşdüm xəyali-zülfünə, ey müttəqi, məni
Təsbihə də’vət etmə ki, zünnara düşmüşəm.
Fikrimdədir xəyalı gözünlə ləbin müdam,
Yərəb, nə rəsmə xəmrəvü xummara düşmüşəm?
Canü cahanı vəslü camalın bahasına
Verdim əzəldə, gör ki, nə bazara düşmüşəm.
Şeytandır ol ki, surətinə qılmadı sücud,
Şeytana münkir olmuşam, inkara düşmüşəm.