Vikimənbə:Günün mətni/may 22
Ey üzün "nəsrün-minəllah"
İmadəddin Nəsimi
Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib",
Ey bəşər surətli rəhman, vey mələksima həbib!
Valehəm hüsnünə, ey mişkin saçından münfəil,
Cənnətin bağında reyhan, sünbülün çiynində tib!
Zülfü rüxsarındır ərrəhman-ələl-ərş-istiva,
Kə’bənin mehrabı qaşın, fitnəli eynin xətib.
Ənbərəfşan sünbülün əsrarı oldu aşikar,
Gəldi ruhüllahü mənsux oldu zünnarü səlib.
Surətin lövhindən endirdi kitabı Cəbrəil,
Ey camalın həq kəlamı, innəhü-şey’ün-əcib.
Aşiqin əsrarını, həqqi bilən arif bilir,
Aşina halın nə bilsin nəfsini bilməz qərib.