Vikimənbə:Günün mətni/oktyabr 1

İtirilmiş sərvət
Rabindranat Taqor

...Gecənin qaranlığında nə vaxtsa yağış dayandı, nəğmə səsləri kəsildi. Fonibxuşon hələ də pəncərə önündə əyləşmiş, sanki bütün dünyanı sarmış zülmətə baxırdı. Ona elə gəldi ki, sanki önündə ölüm şahlığının göylərə ucalan darvazaları açıldı “onun qarşısında durub, qışqırmaq və çağırmaq lazımdır və bu zaman əbədi itirilmiş olan gözlərim önündə canlanacaq!”...
Mənim qayığım köhnə, yarıuçuq körpünün kənarında dayanmışdı. Günəş üfüqdə gizlənir, çayın səthi isə gah qızıl, gah da polad kimi işıldayır, göyqurşağı kimi əlvan və solğun rənglər növbəylə yanıb-sönür, axaraq hiss olunmadan öz çalarını dəyişirdi. Elə qayığın damındaca öz namazını yekunlaşdıran, səssiz dualarla səcdə edən qayıqçı atəşli üfüqün fonunda sanki qara ağacdan yonulmuş fiqura bənzəyirdi.
Axşamın sakitliyini yalnız cırcıramanın nəğməsi pozurdu. Mən çaya enən daş pilləkanın—əzəmətli oşotxa ağacının köklərininin parçaladığı -pilləsində oturmuşdum. Qarşımda böyük, pəncərələri sinmış, eyvanı çökmüş ev ucalırdı. Qəflətən arxadan səs eşidildi, mən diksindim. —Əziz cənab haradan təşrif buyurub? Mən başımı qaldırıb qarşımda üzgün, həyatdan küskün siması olan bir insan gördüm. Bir çox benqallar kimi, çörəkpulu qazanmaqdan ötəri doğma yurdundan didərgin düşmüş bu insanın sifətinə həmçinin laqeyidlik də möhürlənmişdi… Əynindəki yarıaçıq, kirli, duzlanmış paltarından bəlli olurdu ki bədbəxt yenicə işini bitirib və indi şam vaxtı gəlib çatanda o, sahildə təmiz hava udmaqla kifayyətlənir.
Tanımadığım bu kişi yanımda əyləşdı.