Vikimənbə:Günün mətni/oktyabr 14

Susadı könlüm nigarın lə’li-ruhəfzasinə
İmadəddin Nəsimi

Susadı könlüm nigarın lə’li-ruhəfzasinə,
Talibi-şövqəm həbibin surəti-zibasinə.

Ey səba, uğraşdığınca şol xuraman sərvə tuş,
Məndən öp anın ayağın, səcdə qıl balasinə!

Gözləri sevdası aşiq canına qıldıqların
Ol bilir kim, aşiq olmuş nərgisi-şəhlasinə.

Eynini aç, eynimə bax, cümlə eynin eyniyəm,
Səd həzaran can fədadır eyninin sevdasinə.

Sorma sevdayilərin halin, təbibi-amə kim,
Düşməyən bilməz bu halə, gözləri sevdasinə.

Surəti, hüsnü cəmalı cümlə zibadır anın,
Hüsnünə qurban olayım, bəlkə sər ta pasinə.

Kim ki, zahir görmədi üzündə həqqin surətin,
Güzgüzü ari degildir, çarə qılsın pasinə.

Bibədəldir hüsn içində, lütf içində binəzir,
Vahidiyyət sabit oldu hüsni-bihəmtasinə.