Vikimənbə:Günün mətni/oktyabr 23

Azərbərzi
Azərbaycan nağılı

Günlərin bir günü Kuku-Kusor və İsfəndiyar Zaldan xərac almağa qırx süvari göndərdilər. Həmin vaxtlar Rüstəm balaca uşaq idi, uşaqlarla oynayırdı. Uşaqlardan biri ona dedi:
– Sən əgər belə güclüsənsə, atandan xərac almağa gəlmiş süvariləri qov.
Rüstəm Zalın yanına gəldi, Zal isə xəracı artıq İsfəndiyarın adamlarına vermişdi. Rüstəm atasından soruşdu:
– Sən onlara niyə xərac verdin? – sözünü qurtarıb onların dalınca düşdü. Rüstəm süvarilərə çatdı, onların otuz səkkizini qılıncdan keçirdi, ikisini isə sağ-salamat buraxdı. Süvarilərin apardığı bütün xəracı götürüb atasına gətirdi. Zal ona dedi:
– Nahaq belə elədin, onlar çox güclüdürlər, hələ onlarla vuruşmaq vaxtın gəlib çatmayıbdı.
Aradan günlər, aylar keçdi və günlərin bir günü Rüstəm ova çıxdı. Onun yolu çölə düşdü, bu vaxt İsfəndiyar da ov ovlayırdı. Rüstəm çöl eşşəyi öldürdü, dərisini soydu, tonqal qaladı və əti ocaqda qızartmağa başladı. İsfəndiyarın nökərlərindən biri onu gördü və ağasına xəbər verdi: bəs deməzsənmi, sənin otuz səkkiz süvarini qılıncdan keçirən və Zalın verdiyi xəracı mənimsəyən Rüstəm burdadı, çöldə ov ovlayır. Kuku-Kusor və İsfəndiyar nökərin nişan verdiyi yerə yollandılar, baxıb gördülər ki, Rüstəm ayaqlarını aralayıb oturubdu, ayaqlarının üstünə şiş qoyubdu, ayaqlarının arasında isə tonqal yanır. Oturub çöl eşşəyinin ətini qızardır, aradabir ətdən bir tikə qopardıb ala-çiy yeyir. Kuku-Kusor və İsfəndiyar qərara aldılar ki, Rüstəmə yaxınlaşmasınlar, onun üstünə dağdan iri bir qaya diyirlətsinlər. Onlar dağa çıxdılar, iri bir qayanı aşağı diyirlətdilər, üstünə qayanın gəldiyini görən Rüstəm yerindən qımıldanmadı. Ayağını şişin altından götürdü, ayağını daşın qabağına sarı uzatdı, qaya ayağa dirənib dayandı. Rüstəm yuxarı baxdı. Kuku-Kusorla İsfəndiyarın dağın zirvəsində dayandıqlarını gördü. Qızardılmış əti yedi, qurşağını çəkib bağladı, kamanı çəkdi və Kuku-Kusorla İsfəndiyarın üstünə ox yağdırmağa başladı. Kuku-Kusorun axırına tez çıxdı, amma tuncbədənli İsfəndiyarı öldürə bilmədi. İsfəndiyarın bütün oxları Rüstəmə dəyirdi, Rüstəmin oxları isə onun tunc bədəninə dəyib yerə düşürdü.