Vikimənbə:Günün mətni/sentyabr 15
Bəxtəvər
Mirzə Ələkbər Sabir
Oğlumuz, ay Xansənəm, bir yeke pelvan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Durmuş idim küçədə, bir də nə gördüm, həman
Ağrısını aldığım Feyzi gəlir lap piyan,
Çatcaq urub bir qoca saili, qusdurdu qan,
Gözlərinə döndüyüm sanki bir aslan imiş,
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Sən öləsən, qoy hələ olsun əməlli cəvan,
On beşə çatsın yaşı, cürətin etsin əyan,
Bir qoçu olsun bu kim, aləmə salsın fəğan,
Hər kəs ona söyləsin: Rüstəmi-dastan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Yaxşı olub mən bunun bəxtini çöndərmədim,
Bir para pis işlərə fikrini döndərmədim,
Qonşumuzun oğlu tək məktəbə göndərmədim,
Doğrusu, məktəb demək guşeyi-zindan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!