Vikimənbə:Günün mətni/sentyabr 26

O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım
Əbülfət xan Tuti

O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,
Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.

Çəkib əl xəlqdən Məcnunsifət səhraya üz qoydum,
Kəsilmiş səbrü tabım vəsləti-Leyladan ayrıldım.

Məna şümşad sərvi, bağban, ərz etmə kim hərgiz,
Yoxumdur meyli-gülşən qaməti-tubadan ayrıldım.

Nolur şamü səhər ney tək sızıldar sineyi-zarim,
Mərizi-bəstəri-hicrəm dəmi-İsadan ayrıldım.

Fərağın şiddətindən lal olur bu Tutiyi-təbim,
Məzacım təlxdir kim ləli-şəkərxadan ayrıldım.