Vikimənbə:Günün mətni/yanvar 12

Gecə düşüncəsi
Mikayıl Müşfiq

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...

Gecə sakit... düşüncəm sakit deyildir fəqət,
Gözlərimin önündə canlandı bir həqiqət.
Xəyalım ənginlərə o qədər yüksəldi ki,
Mənə öylə gəldi ki,
İlk dəfədir kainat-
Dünyanı sellərində çalxayan bizim həyat
Sağda, solda döyüşmüş,
Sonra yoluna düşmüş.