Vikimənbə:Günün mətni/yanvar 2

Eylər
Ağdabanlı Qurban

Bilirsənmi a insafsız, a zalım,
Qəzəblənsə, qara gözlər qan eylər.
Mehriban danışıq, a gözəl insan,
Viranə çölləri gülüstan eylər.

Doğru işə düzgün plan yaxşıdı,
Ölümdən qurtaran yalan yaxşıdı,
Acı dildən gürzə ilan yaxşıdı,
Öldürər biryolluq, ya divan eylər.

Nəsiyyət söz milyon-milyon deyildi,
Düzəlmədi haram, bədən əyildi.
Mey içildi, haram tikə yeyildi,
Bunu naqis oğlu, ya şeytan eylər.