Vikimənbə:Günün mətni/yanvar 31

Baxın
Aşıq Ələsgər

Ariflər, fəhm eləyin, süzüb gedən yara baxın!
Eyləyib müjganları sinəmi səd para, baxın!
Aşığa rəhm eləmir, zalım sitəmkara baxın!
Çəkirəm həsrətini, mən yazıq bimara baxın!
Axır məni çölə salıb, eləyib avara, baxın!

Yaraşır əndamına yaşılı, alı gözəlin;
Ayaqda sağrı başmaq, başında şalı gözəlin;
Tərifi, səs-sorağı tutub mahalı gözəlin;
Hər yana şölə salır günəş camalı gözəlin;
Açılıb yaxa bəndi, ağ sinəsi qara, baxın!

Alıbdı qana-qana yaradandı pay bu sənəm;
Behiştin pərisinə deyə bilməm tay bu sənəm;
Xubluqda, gözəllikdə bədirlənmiş ay bu sənəm;
Gah məndən üz döndərib, eylər ömrüm zay bu sənəm;
Tərlandan nə ayrılıb, uyur yasar sara, baxın!