Xəcil etmiş üzün, gözəl, qəməri
Xəcil etmiş üzün, gözəl, qəməri, Müəllif: Xaqani Şirvani Tərcümə edən: Əliağa Vahid |
Xəcil etmiş üzün, gözəl, qəməri,
Dodağın saldı qədirdən şəkəri.
Nazını ordusu edəndə hücum,
Qaçdı əqlimin keşikçiləri.
Yetişib, döydü könlümün qapısın,
Qapını qırdı tutdu ol şəhəri.
Mən kədərdən şikəstə xatir idim,
Olmuş indi eşq dərbədəri.
Elə ox vurdu kirpiyini sinəmə,
Ki, o ox tikdi sinəmə ciyəri.
Gözləmə naməni göyərçindən,
Çünki sınmış onun da balü pəri.
Sənə dastan yazırdı Xaqani,
Qələmi sındı bitməmiş əsəri.