Xəlifə və Bəhlul

Xəlifə və Bəhlul
Müəllif: Seyid Əzim Şirvani


Etdi Harun bir gün əzmi-şikar,
Gəldi dərya kənarın etdi qərar.
Gördü bir əl çıxıbdı dəryadən,
Düşdülər heyrətə təmaşadən.
Beş ədəd barmaq olmuş onda əyan,
Bu müəmmayə qaldılar heyran.
Atdılar gərçi xeyli tupü tüfəng
Leyk barmaqlar olmadı münfək.
Kimsənə bilmədi bu əsrarı,
Qaldılar şah-mat elcarı.
Dedilər kim, bunu bilər Bəhlul,
Bunu eylər tila kimi məhlul.
Şah Bəhlulə qasid etdi rəvan,
Ta gəlib eyləsin bu rəmzi bəyan.
Oldu Bəhlul qarğı atə süvar,
Səyrədə-səyrədə gəlib rəhvar.
Etdilər ta ki, macəranı bəyan,
İki barmağını bu etdi əyan.
Görcək ol əl çəkildi dəryayə,
Qaldılar mat bu müəmmayə.
Dedi Bəhlulə şəh ki, ey dana,
Bu nə işdir, buna nədir məna?
Nə il idi o kim, əyan oldu,
Sən ki əl tutdun ol nihan oldu?
Bu rümuzun nə idi mənası,
Nə idi ol işarə iyamsı.
Dedi Bəhlul: - Ey şəhi-dövran,
O ki beş barmaq olmuş idi əyan,
O işarə edirdi, ey sərvər,
Nə qədər ki, çətin ola işlər,
Beş könül olsa cəm, asandır,
Cəmlikdən ədü pərişandır.
İki barmağımı mən etdim əyan,
Eylədim mən ona bu rəmzi bəyan,
Yəni ki, bu cahanda iki könül
Cəm ola, xeyli əmrdir müşkül.
Bildi mənanı, batdı dəryayə.
Seyyida, afərin bu inşayə!