Xan və dehqan
Müəllif: Seyid Əzim Şirvani


Bir əkinci gedirdi məstanə,
Yolda ol rast gəldi bir xanə.
Xanı görcək yazıq baş endirdi,
Gör onu xan nə gunə dindirdi.
Dedu: - Ey it, kənarda çıx yoldan!
Nə çıxırsan donuz kimi koldan?
Gördü bu iltifatı çün xandan,
Zövqdən oldu gül kimi xəndan.
Evinə daxil oldu xürrəmü şad,
Övrəti onda gördü vəcdi-ziyad.
Dedi: - Ey qaşı bir hilali-mübin,
Xirmənin üstə xuşəçin Pərvin,
Məzrəi-imtizacə danəfəşan,
Sünbülə şəhli sünbülündən əyan,
Nədi bu behcətü sürurə səbəb,
Tez bəyan et görüm nədir mətləb?
Dedi bəylər yanında xani-kübar
Yoldan ikram ilə edirdi güzar.
Dayanıb xanə eylədim kürnuş,
Məni dindirdi xani-sahibxuş.
Dedi: - Bu olmaz ey büləndəxtər,
Səni xan dindirə, idim bavər?
Nə deyib xan sənə, bəyan eylə,
Dürci-ləl aç, gühər fəşan eylə.
Atılıb-düşdü bir zaman dehqan,
Həvəsi sakit oldu, qıldı bəyan.
Dedi ki, xan dedi: - Çıx it yoldan!
Nə baxırsan donuz kimi koldan?
Bizə xan iltifatı peydadır,
Bir səadətdü, feyzi-üzmadır.
Bizə bu vəch iftixar olsun,
Nəsl-binnəsl yadigar olsun.