Xoş ol zaman kı, yar mənə həmzəban idi
Xoş ol zaman kı, yar mənə həmzəban idi Müəllif: Seyid Əzim Şirvani |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Xoş ol zaman kı, yar mənə həmzəban idi,
Bəzmim cəmali-yar ilə rəşki-cinan idi,
Sultan idim ki, hər yana hökmüm rəvan idi,
Dövlət qulam idi mənə, bəxtim cəvan idi,
Cani-həzinə həmdəmü arami-can idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Xurşidgun şərablə dolmuşdu camımız,
Ol mah ilə keçirdi bizim sübhü şamımız,
Dövri-fələkdə hasil olurdu məramımız,
Xaki-dərindən özgə yox idi məqamımız,
Bülbüllərə o sahəti-qüds aşiyan idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Hicrin əgərçi görmüş idim mübtəlalərin,
Dildən-dilə eşitmiş idim macəralərin,
Bunca təsəvvür eyləməz idim bəlalərin,
Can çəkmiş idi möhnəti-hicran cəfalardan,
Xəlvətsərayi-vəsldə dil kamran idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Könlüm o mahdən açılırdı kərəm görüb,
Mehrin ziyadə, cövrü cəfasını kəm görüb.
Ol gül mənə açıldığını dəmbədəm görüb,
Bəzmi-visalda özünü möhtərəm görüb,
Rəşk ilə qönçə tək dili-bədxah qan idi;
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.
Ol gül mənimlə həmdəm idi hər bahardə,
Gəh daməni-çəməndə, gəhi laləzardə,
Bülbül təki işim yox idi ahü zardə,
Seyyid ki məskən etmiş idi kuyi-yardə,
Ezaz ilə bir Adəmi-cənnətməkan idi;
Dəmlər o dəmlər idi, zamam ol zaman idi.