Xosrov və Şirin (Nizami)/Kitabın nəzmi haqqında hökmdarın işarəsi

Kitabın nəzmi haqqında hökmdarın işarəsi
Müəllif: Nizami Gəncəvi


Tale dövlət quşu uçuran zaman
Dünya xoşbəxtliklə rastlaşdı haman.
Səhər xəlifəsi — günəş doğaraq,
Nurilə zülməti qovladı iraq.
Sultanla gözəldir fələyin çətri,
Sultansız bu çətrin varmıdır qədri?
Quşlar səhər-səhər gəlib həvəsə,
Verdilər beş növbə birdən səs-səsə.
Xurşid adlı biri ayağa durdu,
Cəmşid camı ilə taxta oturdu.
Sözün Tuğan şahı girib meydana,
Qılınc verdi qələm Qaraxanına.
Hikmət sarayından yeddi ölkənin
Sözlər təzələndi, yayıldı min-min.
Dönüb bir qılınca bu qadir qələm,
Az işləyən əli eylədi qələm.
Yuxusuz gecədən məst olmuşam mən,
Qələm bir qılıncdır, düşmür əlimdən.
Mən hansı qapıdan girim, dürr saçım?
Hansı xəzinənin ağzını açım?
Nə zinət verim ki, dünya bəzənsin?
Nədən yapışım ki, el əhsən desin?
Səadət xoş üzlə qapımdan girdi,
Öpdü üz-gözümdən, şadlıq gətirdi,
Dedi: — Işin müşkül deyildir daha,
Baxtın uğursuzluq görməz bir daha.
Dünya şahənşahı buyruq verdi ki,
Gətir tarixlərdən bir yeni sevgi.
Nə ki, hal əhli var, ölüb gedirlər,
Donurlar buz kimi hey birər-birər.
Sən dil xəncəriylə göy təpəsindən
Məna tüklərini təraş etmisən.
Ütarid qələmin sən etdin mismar,
Zöhrə ipəyindən doğdu tikanlar.
Ruhlara dərs öyrət sən İsa kimi,
Eşqdən şam yandır bir Musa kimi.
Üzüyə firuzə qaş salanda sən
Bizdən Süleymantək əta görərsən.
Layiqilə sənin qədrini bilsək,
Sən də naşükürlük etməzsən, bişəkk.
Çəkdiyin əməyə verməsək dəyər,
Səni Firdovsitək incitsək əgər
Qızıla buz möhrü vuraraq həmən
Bir pivəsatana onu verərsən.
Xoşbəxtlərtək əgər dövlət sevənsən,
Tamahı məhv elə, qurtar əlindən.
Könlüm səadətlə olub həmavaz,
Sevindi, dövlətə eylədi bir naz:
— Kömək vaxtı gəldi, mənə yardım et!
Bu qəmli çağımda imdadıma yet!
Qüdrətli və ustad şairlər, bəli,
Şahlar köməyilə deşdilər ləli.
Dövlət yardımıyla tökdülər tədbir,
Ləli deşmək üçün almaz gərəkdir.
Onlar nemət içrə ömür sürdülər,
Duydu sözlərini göylərdə ülkər.
Seçmişəm dünyada mən bircə bucaq,
Arpa unu olmuş azuqəm ancaq.
Ilantək xəzinə üstə yatıram,
Arpa çörəyiylə oruc tuturam.
Arılar kimiyəm, yuvam darısqal,
Darısqal yuvamda çoxdur şirin bal.
Şahın sayəsində mən qalmaram ac,
Ürək daralsa da deyiləm möhtac.
Quş istəsəm, uçub bacadan gələr,
Balıq arzulasam, yarılar yerlər.
Düşməni məhv olsun böyük dövlətin,
Hümmətlə istərəm onun qüvvətin.
Şahın hümmətiylə işim uğurlu.
Baxtımın gözləri aydan da nurlu.
Dünyadan əlimdə mal yoxsa əgər,
Qənaət ki vardır, kifayət edər.