Yara üz
Yara üz Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Gözəl adam, gəl Allahı sevərsən,
Daldalanma, bir də görgəz yara üz!
Astana gör yarın astanasında,
Qulluq eylə, xidmət eylə, yara üz!
Sağdan vurdu, soldan çıxdı sağa lam,
Sağ qoşundu, sol ləşkərdi, sağ ələm,
Nagümanam mən bu dərddən sağalam,
Təbib birdi, dərd minbirdi, yara yüz!
Qurbani der: bura gəldim yar üçün,
Kəs ciyərim, doğra bağrım yar üçün,
Yar odu ki, yardan sonra yar üçün,
Zülf dağıda, yaxa yırta, yara üz!