Yenə tövbə evimi eşq xərab etmədədir
Yenə tövbə evimi eşq xərab etmədədir Müəllif: Nizami Gəncəvi Tərcümə edən: Cəfər Xəndan |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Yenə tövbə evimi eşq xərab etmədədir,
Aşiq iftarını sevda meyi nab etmədədir.
Könlümə bir mələyin sevgisi od saldı, adı
Günü də, Zöhrəni də göydə sərab etmədədir.
Onun eşq atəşi hər qəlbə girər, amma nədən
Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?
Gözlərin baxdı mənə, söylədi: “Səbr et, səninəm,
Doğrusu, səbr edərəm, ömr şitab etmədədir.
Ahu gözlüləri yatmış zaman ovlar ovçu,
Ömür röyada şikar olmağa tab etmədədir.
Məsləhətdir, məni qovmaqdan isə, versin əzab,
Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.
Gər Nizamini xəta isə həlak etdirmək,
Aşiqəm, yar məni öldürsə, səvab etmədədir.