Yetişər (Aşıq Mürsəl)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yetişər
Müəllif: Aşıq Mürsəl
Mənbə: Tariyel Qəni, Şirvan mahalının Kolanı elatının ustad aşıqları, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.58-62.

Qoy vəsf edim bu ellərin büsatın,
Hər diyara gedib səda yetişər.
Allahım, bu mülkü hifz et bəladan,
Saleh olmayana qada yetişər.

Kolanı, Udulu, Şamlı elləri,
Qardaş olub, birdir xeyir-şərləri.
Şirin dilləri var, pak əməlləri,
Hay deyəndə birgə dada yetişər.

Əl tutmağı babalardan qalıbdır,
Ağsaqqalı xeyirxahdır, qayımdır.
Cavanları qədirbilən, sayıqdır,
İş düşəndə tez imdada yetişər.

Mən Aşıq Mürsələm, elin aşiqi,
Fərəhimdən gülür gözüm işığı.
Gözəlləri məclislər yaraşığı,
Əl yetirər, el murada yetişər.