Yetişdim (Aşıq Qurbani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yetişdim
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Laməkan şəhrindən gəldim cana mən,
Canlar əhli bir canana yetişdim.
Əldən-ələ, qabdan-qaba süzüldüm,
Qətrə idim, bir ümmana yetişdim.

Bir gözəlin ələyindən ələndim,
Bəli dedim, bəlasma bələndim,
Yeri, göyü yaradandan diləndim,
Gövhəri axtardım, kana yetişdim.

Qurbani der: göz gözlədim, göz aldım,
Səmağ oldum, ağılmənddən söz aldım,
Düz tərpəndim, mərufumu tez aldım,
Ədəb gördüm, yol-ərkana yetişdim.