Azərbaycan ədəbiyyatı (F.Köçərli, II cild)/Hacı Əbülhəsən Raci
←Həsən bəy Rzaqulu bəy oğlu "Həsən Qara" və "Hadi" | Azərbaycan ədəbiyyatı. II cild. Hacı Əbülhəsən Raci Müəllif: Firudin bəy Köçərli |
Hacıağa "Fəqir" Ordubadi→ |
Azərbaycanın İrana mütəəlliq qitəsində zühur edən türk şairlərindən məşhuru Hacı Əbülhəsən Racidir. Racinin nüfuzu Araz çayının sol tərəfində sükunət edən Azərbaycan türklərinə dəxi ki, rus təbəələrindən ibarət olsun, keçibdir. Belə ki, Raci nə qədər İran torpağında mərufü məşhurdur, bir o qədər də Zaqafqaziya türkləri arasında onun hörmət və şöhrəti vardır. Bununla belə Raci kimi şairin ki, onun lətif və dilpəsənd qəzəlləri və cigərsuz növhələri böyükdən kiçiyə kimi cümlə əhli-savadın dillərində caridir, tərcümeyi-halına dair lazım olan məlumatı cəm etməkdə aciz qaldıq. Divani-qəzəliyyat, qəsaid və növhəcatına rücu etdik də şairin öz halü şəninə və filcümlə seyr-sülukuna məxsus bir işarə də bulmadıq. Bu isə bir tərəfdən şayani-təəssüf və bir yandan layiqi-heyrət və təәccüb bir haldır ki, kərrat və dəfəat ilə Racinin divani-əşarü kəlamı çapdan çıxıb və hər bir sinif arasında intişar tapıbdır və divan çap etdirən kitabfüruşların və onun təbinə imtiyaz alan sair əşxasın heç birinin fikrinə gəlməyibdir ki, divan sahibi olan şairin tərcümeyi-əhvalına dair divanın, icmalən cüzi məlumat kitabın bir guşəsində dərc edib, oxuyanları onunla aşina eləsin. Bu təәccüb kəlməsi hal bir Racinin haqqında olmayıb, bəlkə ümum İran və Azərbaycan şairlərinin halına şamildir. İndiyə kimi demək olur ki, Şeyx Sədinin "Gülüstan" və "Bustan" kitabları əqəllən yüz dəfə çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxəsinə Sədi kimi müəzzəm və mötəbər, əhli-hikmət şairin haqqında üç kəlmə də söz tapılmaz. Ancaq kitabın axırında çəndan lüzumiyyəti olmayan şeyi qeyd edirlər ki: "Təmam şod divane-mərhumol-məğfure-felan əleyhorrəhme behəsbe-fərmayeşe sərvəre-mokərrəm və məlazol-ekram Məşhədi felan və ya xeyrol-hace-felan ketabforuş və besəyo ehtemame-Kərbəlaye felan surəte-enteba pəziroft. Allahummə ənfəəhu bihə və licəmiil-moumenin"[1]i.a.
[1] Tərcüməsi:
Günahsız mərhum filankəsin divanı çox hörmətli məşhədi filanın göstərişi əsasında tamam oldu və ya xeyrül-həqq filan kərbəlayının səyi nəticəsində çap olundu.
Hacı Əbülhəsən Racinin tərcümeyi-əhvalına dair bizdə olan cüzi əxbardan məlum olur ki, ol mərhum təvəllüd edibdir tarixi-məhəmmədiyyənin 1247–1252-ci[2] illərində Təbriz şəhərinin Xiyaban məhəlləsində. Təlim və tərbiyəsi öz şəhərində olubdur. Ömrü qırxdan qırx beşə kimi olubdur. Vəfatı Həcc ziyarətindən müraciət edəndə olubdur. Cəddədə gəmiyə oturanda əsnayi-rahda dəryaya qərq olubdur və bu hüznavər hadisə hicrətin 1292-ci[3] ilində vaqe olubdur.
[2] 1831–1836.
[3] 1875.
Şairin əhibbalarından birisi--"Səbur" təxəllüslü--Racinin belə qafil, vətəndən kənarda vaxtsız vəfatı barəsində yazdığı bir növhədə onu belə vəsf etmişdir:
Ey dəriğa ke, həzrəte-Raci
Çon zər əz kiseye-əhibba rəft.
Bihədd əfsus, sədhezar dərir
Ke, behəsrət ze dare-donya rəft.
Dağe-ferqət nəhad bər dele-ma,
Suxt əz hecre-u dele-ma rəft.
Nə şəbəm şəb, nə ruze-mən ruzəst,
Huşəm əz sər, ze del şəkiba rəft.
Bi to ey çeşmeye-çerağe-sorur
Rouşənai ze çeşme-bina rəft.
Xake-qəm çərx bər səre-ma rixt--
Ke, tora xare-mout bər pa rəft.
Heyf əz an şahbaze-qolleye-Qaf--
Ke, beqafe-ədəm ço Ənqa rəft.
Zan kəmalate-u hezar əfsus--
Ke, bebade-əcəl beyekca rəft.
Ey mohiti ke, xun şəvəd abət,
Abe-ru əz roxe-to əz ma rəft.
Ey ze şure-to şur dər delha,
Vəz şəre-to şərər becanha rəft.
Kaş an dəm ke, u bekəşti şod,
Hokme-"ya ərzu ibləi ma" rəft.
Ahü vahəsrəta ke, mədfəne-u,
Gəşt penhan vəli ze peyda rəft.
Qəbruhu fi qulubi min valast,
Gərçe dər zaher əz nəzərha rəft.
Gəşt çon Xezr zendevo cavid
Ta bezolmate-mərg tənha rəft.
Yunesasa ze Mesre-dare-fəna
Bərdəhane-nəhənge-oqba rəft.
Və minəl-mai kullu şeyin həyyun,
Zende baz şode Xezrasa rəft.
Şod rəvan suye-cənnətol-məva,
Tayere-qodse-xod beməva rəft.
Cesm boqzaşto sərbesər can şod,
Əz doi sələb gəşt yekta rəft.
Həmço qol va şod əndər in qolşən,
Pa keşid əz çəmən, beyəğma rəft.
Peye-didar bude həmço Kəlim,
"Ərni" quyan be Ture-Sina rəft.
Şahede-mənəvi nəmudəş rox
Həmço Musa peye-təcəlla rəft.
Əz meye-eşq corei nuşid,
Baz çon bade suye-mina rəft.
Əz ərz pak gəşto couhər şod,
Həmço ruh əz kədər mosəffa rəft.
Yari peyvəst aqebət ba yar,
Ançe mikərd əz an təmənna rəft.
Qələme-ənbərinşəmime-Səbur
Bəhre-tarix kərdən enşa rəft.
Yaft əz kələmeye-"əya ğəffari",
Bəhre-təhrir kərdən emla rəft[4].
[4] Tərcüməsi:
Heyif ki, həzrət Raci
Dostlarının kisəsindən qızıl kimi getdi.
Hədsiz əfsus, yüz min heyif
Dünya evindən həsrətlə getdi.
Bizim ürəyimizə ayrılıq dağı çəkdi,
Ürəyimizi ayrılığı ilə yandırıb getdi.
Nə gecəm gecə, nə gündüzüm gündüzdür,
Başımdan huşum, ürəyimdən səbrim getdi.
Ey şadlıq çirağının çeşməsi, sənsiz
Gözlərimin işığı getdi.
(Yəqin) fələk başımıza qəm torpağı töküb--
Ki, sənin ayağına ölüm tikanı batdı.
Heyif o qülleyi-Qafın tərlanından--
Ki, Ənqa kimi ədəm (yoxluq) Qafına getdi.
Heyif onun kəmalatından--
Ki, əcəl küləyi ilə birdəfəlik (heç olub) getdi.
Ey suyu qan olan ümman,
Sənin və bizim uzümüzün suyu getdi.
Sənin şurundan ürəklərdə şur var,
Sənin qığılcımından canlara qığılcım düşdu.
Kaş o, gəmiyə minəndə
"Ey yer, suyu ud" hökmü veriləydi.
Yüz min təəssüf ki, onun qəbri
Pünhan oldu.
Onun qəbri allah adamlarının qəlbindədir,
Hərçənd o, zahirən nəzərlərdən (uzaq düşüb) getdi.
Ölüm zülmətinə tək getdiyinə baxmayaraq,
O Xızr kimi diri və əbədi oldu.
Yunis kimi dari-fəna Misrindən
Axirət nəhənginin ağzına getdi.
Hər şey su ilə diridir,
Diri bir quş olub Xızr kimi getdi,
Cənnət evinə tərəf yollandı,
Muqəddəs quş özu evinə getdi.
Cismi qoyub başdan ayağa can oldu,
İkiliyi tərk edib tək getdi.
Bu gülşəndə gül kimi açıldı,
Çəməndən ayaq çəkib heçliyə getdi.
Kəlim kimi görüş arzusunda idi,
"Ərni" deyərək Sina dağına getdi.
Üzü mənəvi gözəl kimi görsəndi.
Musa kimi təcəlla ardınça getdi.
Eşq şərabından bir qurtum içdi,
Yenə badə kimi Minaya tərəf getdi.
Ərzdən təmizlənib cövhər oldu,
Ruh kimi çirkabdan təmizlənib getdi.
Nəhayət, dost öz dostuna çatdı,
Arzu elədiyi məqsədə yetişdi.
Ətirli, ənbərli, səbirli qələm
Onun tarixini yazmaq üçün gedib
"Əya ğəffari" ifadəsini tapıb yazdı.
Səbur cənablarının burada yazılan şerlərindən məlum olur ki, mərhum Hacı Əbülhəsən Racinin şənü rütbəsi dost və əhibbası arasında xeyli tutulurmuş. Mərhum şairin pişəzvəqt qafil ölməyi əhibbalarını böyük yasü ələmə düçar edib, novgüllərinə ayrılıq və heyrət dağı çəkibdir. Cənab Səbur sair Azərbaycan şairləri kimi vəsfində mübaliğə edib, Racinin fəzilətini bir dərəcədə artırıb ki, onun şənü halını ənbiyayi-kiramdan bəzinin halına təşbih qılıbdır. Bir sayaq üzrə ki, Raci dəxi müqəddəs və mütəhhər vücudlar kimi məaniyi-əshab ilə həmcəlis olub, cismi-kəsifdən xilas olmaq ilə böyük bir səadətə vasil olubdur. Necə ki, şair deyibdir:
Əz ərz pak gəşto couhər şod,
Həmço ruh əz kədər mosəffa rəft.
Racinin divani-əşarı bu qayda üzrə tərtib olunubdur: qəzəliyyati-farsi, qəsaidi-türki, qəzəliyyati-türki, təcnisi-türki, Kərbəla şühədalarının əhli-beytinin müsibətinə dair növhəvü sinəzənləri, müqəttəat və rübaiyyat. Növhə və sinəzənlərin arasında yazılan əfrad mərhumül-məğfur Molla Hüseyn "Dəxil" təxəllüs şairin kəlamlarıdır ki, onları Raciyə nisbət vermək dürüst deyil. Divani-Racinin bəzi nüsxələrində Dəxilin və Nacinin və Mirinin kəlamlarından dəxi seyyidüş-şühədanın müsibətinə dair növhə və sinəzənlər daxil olubdur. Belə ki, Təbriz mətbəələrində çap olunan kitabların çoxunda əsla bir qayda və səliqə yoxdur. Hər bir kitaba lazım olan föhristdən dəxi xəbərləri yoxdur. Ancaq onu qənimət bilirlər ki, kitabın boş qalan yerlərini hər nə ilə olacaq, olsun, doldursunlar.
Racinin səlis və rəvan təbi olduğu əşarından görünür. Onun qəzəllərinin çoxu dillərdə əzbər olubdur və xanəndələrin çox vaxtı toylarda və işrət məclislərində oxuduqları Racinin gözəl qəzəlləridir. Necə ki, şair özü deyir:
De bir türki qəzəl, Raci,
Oxusun bu gözəl, Raci,
Bələd olsun əzəl Raci
Rümuzi-eşq dərdinə.
- * * * *
Raci, fünuni-şerdə gərçi vəhidsən,
Dəm vurma çox ki, baisi-lafü kəzaf olur.
Və həmçinin şer və qəzəl deməyə artıq meyl və həvəsi olmağını və həqiqi fəxarəti şer və qəzəldə görməyini bu beytində bildirir:
Tərk elə simü zəri, cəm elə əşarü qəzəl,
İstəsən, Raci, əgər namü nişanın çıxsın.
- * * * *
Desəm Raciyə şer yaz , hey yazar,
Pul adı gətirsəm biləkdən qurur.
Racinin vətəndaşı və həmməclisi olan bir nəfər şəxs ilə dəmir yol[un]da tanış oldum. Ol cənab ziyarətə gedirdi və Racini görmüşdü. Racinin əxlaqü adabından əhvalpürsan oldum. Məzkur hacı Racini çox tərif edib, ziyadə xoşxülq, xoşrəftar və xoşsöhbət olduğunu söylədi. Mərhumun əxlaqi-pəsəndidələrindən birisi də onun artıq mütədəyyin, vətənpərəst və həmçinin hirsü təmədən ari, cümləyə yaxşılıq edən dərvişsifət və əhli-qənaət, pakdamən bir vücud olması barəsində bir beytdə deyibdir:
Qalıb bu pənd mənə yadigar pirimdən:
Həmişə zində bu aləmdə niknam qalır.
Racinin dostluqda, vəfada və vətənpərəstlikdə sabitqədəm olmağına bu şerləri şəhadət verir:
Sər fədaye-dust kərdən pişe-ma doşvar nist,
Danəm in naqabeliha qabele-ezhar nist.
Hər ke aşeq şod yəqin başəd ke, əz can begzərəd,
Şeyx Sənan bəhre-tərsa arəş əz zonnar nist.
Dustan, əfğane-Raci başəd əz hobbe-vətən,
Mouseme-qol bolboli danəd ke, dər qolzar nist[5].
[5] Tərcüməsi:
Başı dosta qurban eləmək bizim uçün çətin iş deyil,
Bilirəm ki, bu naqabil bir şeydir və demək mümkün deyil.
Aşiq olan kəs canından keçməlidir.
Şeyx Sənanın tərsa [qızı] uçün zünnardan arı yoxdur.
Ay dostlar, Racinin əfğanı vətən məhəbbəti üçündür,
Gül mövsümunun (qədrini) gülzarda olmayan bülbül bilər.
Və əyzən həqiqi dostluq babında deyibdir:
Hər kəs ke, koşte gəşt berahe-vəfaye-dust,
Əz xune-u rəvast xəlayeq vozu konənd[6].
[6] Tərcüməsi:
Dost vəfası yolunda ölənin
Qanı ilə rəvadır ki, çamaat dəstəmaz alsın.
Padşah ilə gədanın və fəqir ilə dövlətlinin arasında həqiqətdə bir təfavüt olmadığını və cümlənin axırı puç olduğunu bu rübaisində bəyan etmişdir:
Girəm to padşahe-təmame-cəhan şəvi,
Girəm cəhaniyan həmera hokmran şəvi,
Girəm ke, qəsrhaye-to sər bər fələk keşəd,
Ruzi şəvəd to həm gele-kuzegəran şəvi[7].
[7] Tərcuməsi:
Tutaq ki, sən bütun dünyanın padşahı olacaqsan (oldun).
Tutaq ki, sən dünya xalqı üçün hökmdar olacaqsan,
Tutaq ki, sənin saraylarının başı fələyə çatacaq,
Bir gün olacaq ki, sən də kuzəgərlər üçün gil olacaqsan.
Əgərçi Racinin divani-şeri Azərbaycanın hər bir vilayətinə dağılıb və kəlami-mövzunu dillərdə caridir, vəli biz də məcmuəmizi onun asari-lətifələrindən xali qoymamaq üçün bir neçə nümunələr burada təhrir qıldıq.
Qəzəli-Raci:
Övzai-çərx sanma ki, biixtilaf olur,
Cuyi-zəmanə gah bulanır, gah saf olur.
Verməzlə gah Yusifi Misrin bəhasına
Gəh pirəzal əlində bəhası kəlaf olur.
Eşq əhlinə bir özgə əziyyət rəva deyil,
Təni-rəqibü cövri-zəmanə kəfaf olur.
Məşuqə aşiqin bilü razi-nihanını
Bu rişteyi-məhəbbət ona telqraf olur.
Kəşf eylərəm bu eşq ilə hüsnün mətalibin,
Amma yazanda xamə bu sirri şikaf olur.
Tövəmdi[8] rəncü rahət, müdğəmdi eyşü qəm,
Vəslü fəraq, şadiyü matəm müzaf olur.
[8] Tövəm--əkiz doğulan uşaq.
Hər şeyi öz yerindədi bu karxanənin,
Dəxlü təsərrüf eyləsə hər kim, xilaf olur.
Hər kimsə öz məqamını aləmdə seyr edər,
Ənqayə Qaf, cüğdə[9] xərabə mütaf[10] olur.
[9] Cüğd--bayquş.
[10] Mütaf--təvaf olunmuş məhəl.
Ustad hər kəsin qədinə bir qəba biçib,
Var bir qəba ki, özgə qəbayə sicaf olur.
Olmaz yüz il fəğanə gələ zar, əndəlib,
Pəşşə nə qədr tiz uça, simürği-Qaf olur.
Bəs, hər kəs anlasın gərək öz qürbü qədrini,
Rubəh nə növi şirə hərifi-məsaf olur.
Amma olubdu çoxlara bu əmr müştəbeh,
Culfalıq etməmiş küləhduz kəlaf olur.
Raci, fünuni-şerdə gərçi vəhidsən,
Dəm vurma çox ki, baisi-lafü kəzaf olur.
Racinin bu qəzəlində "xeyli məzmunlu şerlər vardır ki, onlara diqqət yetirməmək olmaz, əz cümlə zəmanənin övzai müttəsil təğyirü təbdil tapıb da, ixtilaf üzrə gərdiş etməsidir. Belə ki, "Cuyi-zəmanə gah bulanıb, gah saf olur". Ona binaən insan dəxi gərəkdir elmü bilik ilə mütəməddin olub, zəmanənin iqtizasınca dolanmağa özünə əsbabi-məişət mühəyya edə.
Atidə yazılan qəzəlində Raci insanın başına eşqdən gələn bəlaları bir-bir tedad edib, onların olmağını, filcümlə dünyada insanın zövq-vəfası və eyş-işrəti üçün xəlq olunmuş əsbabü əlamətlərin yoxluğunu və hüzn-ələmin, qəm-qüssənin nəfyini arzu edib əsil mətləb və təmənnası nə olduğunu məxfi saxlayır. Rus şairi Lermontov kimi bizim Racimiz də nə ölmək istəyir və nə sağ qalmaq, nə şirinliyə meyil edir və nə acılığa, nə hicrin zəhri-həlahilini və nə vəslin şəkəri-safını tələb edir. Haman qəzəl budur:
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,
Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
Nə nazü qəmzə, nə qəncü dəlalü[11] nə işvə,
Nə əczü labe[12], nə xunabi-dideyi-tər olaydı.
[11] Qəncü dəlal--ikisi də nazü işvə məzmunundadır.
[12] Labe--söz, laf.
Nə zülf olaydı, nə ariz, nə xətt olaydı, nə xal,
Nə müşk olaydı, nə məcmər, nə udü ənbər olaydı.
Nə hüsn olaydı, nə könlüm, nə dəstə-dəstə bu zülf,
Nə şəh, nə mülk, nə bu fövc-fövc ləşgər olaydı.
Nə əbruyi-xəm olaydı, nə çeşm, nə müjgan,
Nə tiğ olaydı, nə cəllad, nə bu xəncər olaydı.
Əzəl nə nəşə olaydı, sora nə rənci-xumar,
Nə tiyşi-vəsl, nə ənduhi-hicri-dilbər olaydı.
Nə öldürəydi xətin gəlcək üzdə üşşaqi,
Məsih tək nə ləbi-ləli-ruhpərvər olaydı.
Nə yalvaraydı rəqibə bu payədə üşşaq,
Və nə bu mərtəbə məşuqələr sitəmgər olaydı.
Nə şur olaydı, nə bülbül, nə gül olaydı, nə xar,
Nə lütfi-baği-baharü nə cövri-sərsər olaydı.
Nə dil olaydı, nə qamət, nə qəlb olaydı, nə rux,
Nə şəmi-şölə, nə pərvanə, nə səməndər olaydı.
Nə gül, nə ətr, nə şümşad olaydı, nə şanə,
Nə zülf olaydı, nə məşşatə, nə bu zivər olaydı.
Nə şərhə-şərhə olaydı bu sinə tiğinlə,
Nə şərhi-dəftəri-dərdü bəla, nə müztər olaydı.
Cəfayi-yar ilə üşşaq inciməz, ey kaş,
Nə səndə mümkün o, məndə nə bu, müyəssər olaydı.
Nə hicr olaydı, nə giryə, nə künci-qəm, nə bu ah,
Nə abü atəşü xakü həva müxəmmər olaydı.
Nə tifl olaydı, nə məktəb, nə dərs olaydı, nə elm,
Rümuzi-eşq nə dillərdə böylə əzbər olaydı.
Nə kuyi-yarı qoyub xəlq edəydi meyli-behişt,
Nə şeyx olaydı, nə məscid, nə vəzi-mənbər olaydı.
Nə dil olaydı, nə didə, nə əşki-xunalud,
Nə kan olaydı, nə dərya, nə ləlü gövhər olaydı.
Nə ictinab, nə tövbə olaydı, nə pərhiz,
Şikəsti-tövbə nə peymandan füzuntər olaydı.
Məzaqi-Raci nə şirin olaydı, nə beylə təlx,
Nə hicr zəhri-həlahil, nə vəsl şəkkər olaydı.
- * * * *
Sənə bu hüsn, xəyal eyləmə müdam qalır,
Çəməndə hansı güli-tər ələddəvam qalır?!
Qalıb bu pənd mənə yadigar pirimdən:
Həmişə zində bu aləmdə niknam qalır.
Gözün könül quşun ovlar, əgərçi laçın tək
Və leyk axır özü paybəndi-dam qalır.
O ləbləri ki, edər kami-aləmi şirin,
Mənim kimi olu bir vaxt təlxkam qalır.
Gedər çü məstiyi-mey, zəhməti-xumar gəlir,
Həmişə başda haçan nəşeyi-müdam qalır.
Həmişə aşiqinə naz edib, xəyal etmə
Sənə bu rəngü ruxü zülfi-müşkfam qalır.
Əsər xəzan yeli gülzari-hüsnünə bir gün,
Nə üzdə rəng, nə zülfündə bir nizam qalır.
Nə çeşmi-məstin edər böylə naz-naz nikah,
Səhi qəddin nə bu növ ilə xoşxuram qalır,
O vaxta üz çevirib cümlə bədnəzər səndən,
Məgər bu Raciyi-biçarə sübhü şam qalır?
Racinin fünuni-şerdə mahir olmağına onun təcnisləri dəxi şəhadət verir. Nümunə üçün onlardan bir neçəsini burada zikr etməyi münasib gördük:
Demə, zahida, sərgüzəşti-behişt,
Yoxumdur mənim meyli-gəşti-behişt.
Büküb qəddimi eşq ilə bari-qəm,
Qəmindən iki aləmin fariqəm.
Dilü din ver müşkbu kakilə,
Mənim tək ol aşüftə bu kakilə.
Gəl, ey aşiqin atəşə yanduran,
Məni yana-yana qoyub yan duran.
Nədir, ey səhiqəd günahım mənim,
Keçər ərşdən hər gün ahım mənim.
Sən oyna gecə rudü şətrənc ilə,
Töküm mən yüzə rud şətrənc ilə.
Rəvadır qalım mən şəbi-tar ilə,
Keçir sübhə tək sən şəbi tar ilə.
Sipahi-qəm aldı, aman, dövrəmi,
Tamam eylə, ey saqi, can dövrəmi.
Dolub dərd ilə meysərd meymənə,
Sınıq qəlbə bax, vergilən mey mənə.
Yazın bu sözü səngi-mərmərdə siz,
Qoyun fərq namərd ilə mərdə siz.
Açıbdır qərənfil, güli-yasəmən,
Güli-yas tək batmışam yasə mən.
Könül şəmi-ruyində pərvanədir,
Ona suzdən xövfü pərva nədir.
Səninlə böylə oldu cism, ey sənəm,
Həqiqətlə baxsan əgər mən sənəm.
Bilərsən əgər baxsan ayinəyə,
Sənə oxşadır xəlq ayi nəyә?
Məni aqibət öldürür dər diyar,
Xədəngi-cəfayə məni dərdi-yar.
Könül şişəsin sındırıb səng ilə,
Genə səngdil eylisən sən gilə.
Harayım çıxar ərşə hər gün, hər ay,
Yetiş, ey sitəmgər, hərayə həray.
Sənə Raci, ey hur, ta bəndədir,
Həmişə üzün nuru tabəndədir.
Çıxarmaz səni yaddan mah, sal,
Onu sən də bir yadə, ey mah, sal!
Racinin bu qisim təcnisləri çoxdur. Burada biz ancaq onlardan bir neçəsini yazdıq. Cümləsi ilə bələd olmaq istəyənlər onun divanına rücu eləsinlər. Mərhum Hacı Əbülhəsən Racinin qönçeyi-təbi-lətifi xüsusən facieyi-Kərbəlanı zikr etdikdə gül kimi açılıb, hər tərəf hüznü ələm gətirici ətirlər saçıb və cümlənin ürəklərini qəmü qüssə ilə və gözlərini yaş ilə doldurur. Və lakin bu qəmü ələm və bu göz yaşı insanı məyüsü məğşuşü təzyiq etmir, bəlkə onun qəlbini səfalandırıb, gözünə işıq gətirir.
Əgər iradü etiraf olunsa ki, kədər ilə səfa və qəm ilə sürur və yaş ilə nur bir yerdə ola bilməz, bunlar bir-biri ilə zidd olduğu halda uyuşmaz, onda deyə bilərik, bəli, İmam Hüseyn müsibətində bu feyz vardır, bir yandan ağladır, bir yandan nuraniyyət bəxş edib şad qılır; bir yandan qəmləndirir, bir yandan qəmü qüssədən azad edir. Bir yandan şikəstəvü pərişanhal edir, bir yandan uca məqamlarda dövr etməyə pərü bal verir. Bu feyzü bərəkət, bu qeyri-adi halət və xüsusiyyət ancaq seyyidüş-şühəda müsibətü əzasına müxtəsdir, ancaq mahi-məhərrəmdə tərtib olunan təziyələrdə hiss olunur. Raci isə bu təziyələrin rövnəqi və matəmlərin şəfəqidir. Azərbaycan şüərasından Dəxildən sonra Raci Kərbəla gülşəninin ən fəsih bülbüli-xoşəlhanı və neynəva dəştinin ən suznak növhəxanı hesab olunur. Racinin növhələrində olan təsir çox rövzəxanların mərsiyələrindən artıqdır. Əzbəs ki, rövzəxanların əksəri oxuduqları əhvalatda bəzi kərə o qədər mübaliğə edirlər ki, o qədər fəhmü idraka sığışmayan və ağıl qəbul etməyən sözlər və hekayə söyləyirlər ki, əhli-məclis onlara inanmayıb, bir növ qövllərindən ikrah edirlər. Oxuduqları mərsiyəyə meylü rəğbət göstərmirlər. Raci Kərbəla faciəsinin hansı bir qissəsini rişteyi-nəzmə çəkibsə, tamamında böyük məharət büruz edibdir, əhvalatı eyni ilə, sərapa, şairanə elə gözəl tərzdə nəql edir ki, cümlənin huşü diqqətini cəlb edir.
Məsələn, İmam Hüseyn əleyhissəlamın əziz və istəkli qızı cənab Səkinə Şamda cümleyi-əhli-beytlə əsirvar olduğu zamanda bir gecə yuxuda babası seyyidüş-şühədanı görüb, ona şərhi-hal etməsini, yainki ali-əbanın Kərbəla diyarına yetişdikdə möhnətü qəm qubarına batmaqlarını və seyyidüş-şühədanın övladü ənsarının hər birinin vəsfi-halını və yainki əhli-beytin Şamdan Mədinəyə müraciət etməsini və əhli-Mədinənin şurişü nəvaya gəlməsini və mərizə Fatimənin hali-pürməlalını və bu qisim çox-çox Kərbəla əhvalatını Raci əleyhirrəhmə elə bir fəsahət və məharətlə təhrir qılıbdır [ki], hər kəs onları diqqət ilə oxusa, məyusü məlulü feyzyab olmaqla əhvalatdan dəxi filcümlə xəbərdar olar. Kərbəla şəhidlərinin müsibətinə şüru etməkdən qabaq şair həqq dərgahına münacat edib, ondan tövfiqü mərhəmət diləyir və səhni-çəməni-Neynəvada pərvaz etmək üçün balü pər istəyir və nəfsi-şumun əlindən xilas olub, həqiqi aşiqlər məsləkinə daxil olmağa və vadiyi-heyrətdən qurtarıb nicat bulmağa lütf kimi bir dadrəsü rəhbər tələb edir:
Can bülbülü olmuş zəğəni-nəfsə giriftar,
Daim qəfəsi-sinədə eylər ona azar.
Bu, layiqi-firdovs, o, niyranə səzavar,
Ülvitələbi-süfldə ol hiyləgər istər.
Tövfiqini, ya rəb, bizə həmvarə rəfiq et,
Dəvayi-təvalayi-hüseynidə sədiq et,
Lütfün bu rəhi-eşqdə həmrahi-təriq et,
Dil vadiyi-heyrətdədi, bu rahbər istər.
Hər kimsənə istər ola aşiqliyə layiq,
Əlbəttə, xəlayiqdən edər qəti-əlayiq,
Qəti-nəzər ondan da gərək aşiqi-sadiq,
Hər mamələkindən edə qəti-nəzər istər.
Racinin növhələri məlum isə də, onlardan birini nümunə üçün burada yazırıq. Bu növhədə İmam Hüseyn həmşirəsi olan vəfa kanı və dəyanətü sədaqət mənbəyi Zeynəbi-qəmpərvərdə öz cananı ilə, yəni xaliqi-ləmyəzəl ilə ruzi-əzəldə elədiyi əhdləri bəyan edib, kamali-cürətü fəxarət ilə deyir ki, həqq yolunda və eşq aləmində nə qədər ağır cəfalara və böyük bəlalara giriftar olsam, mənə eyni-səadətdir və yüz belə zəhmətlərə öz canımla dözərəm. Cənab Zeynəb isə qardaşına təsəlli verib hər növ bəlalara təhəmmül etməsini təsdiq edib deyir ki, ya Hüseyn, ruzi-cəzada səninlə başlar əlində şühəda həşrə gələn zamanı mən də üsəranı başıma cəm edib, bu zülfi-pərişanımla siz ilə müttəfiq cümlə [ümmətə] şəfaətçi olaram. Haman növhə budur:
Belə əhd eyləmişəm, ey bacı, cananım ilən,
Ərseyi-Kərbübəladə boyanım qanım ilən.
Çünki bu cami-əcəldə şəkərü şəhdim var,
Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var,
Aləmi-zərrdə canan ilə bir əhdim var,
Varam öz eylədiyim əhd ilə, peymanım ilən.
Bacı, əhdim budu bu çöldə gərək qanə batam,
Qanımı Əkbərimin qanına şövq ilə qatam,
Can verib təşnə, gərək isti qum üstündə yatam,
Cismi-məcruhim ilə, sineyi-suzanım ilən.
Qan içində eləyim həqq ilə bir razü niyaz,
Budur əhdim ki, quram burda gərək məclisi-raz,
Can verən vəqtdə meydanda qılam, bacı, namaz,
Dəstəmazım ola bu şərt ilə öz qanım ilən.
Düşdü İbrahim əgər şövqi-həvayi-eşqə,
Etmədi tab, vəli dərdü bəlayi-eşqə,
Bircə qurban ilə gəldi o, Minayi-eşqə,
Gəlmişəm mən bura yetmiş iki qurbanım ilən.
Çəkmərəm dəm, dəmi-şəmşirdə, şəmşir nədir,
Xəncərü tiğ nədir, nizə nədir, tir nədir,
Məclisi-vəslə qədəm qoymağa təxir nədir,
Mən bu bəzmə gedirəm başım ilə, canım ilən.
Zövrəqi-cismimə var lücceyi-xun içrə nicat,
Təşneyi-eşqə verir suzi-ətəş abi-həyat,
İçmərəm gər tuta dünya üzünü abi-Fərat,
Bəzmi-vəslə gedirəm bu ləbi-ətşanım ilən.
Həq yolunda susuz ölmək demə zəhmətdi mənə,
Gözümə ox dəyə gər, eyni-məhəbbətdi mənə,
Aləmi-eşqdə hər zəhməti rahətdi mənə,
Dözərəm yüz belə zəhmətlərə bir canım ilən.
Çəkmərəm minnət ədudən, çəkərəm bu ətəşi,
Bacı, eşq aləminin çoxdu belə keşməkeşi,
Səni bazarə çəkərlər çü əsiri-həbəşi,
Şami-şum içrə əyali-şəhi-mərdanım ilən.
Əhli-Kufə yetirir zülmünü itmamə, bacı,
Bədənimdə dəxi qoymazla qala camə, bacı,
Nizələrdə apararlar başımı Şamə, bacı,
Bədənim yerdə qalar peykəri-üryanım ilən.
Şamdə məclisi-işrət qurular, söz demərəm,
Kuçəvu bamdə səf-səf duralar, söz demərəm,
Xeyzüran çubu nə qədri vuralar, söz demərəm,
Bəzmi-əğyardə mən bu ləbü dəndanım ilən.
Zeynəb ərz eylədi:--Qardaş, bilirəm ruzi-cəza
Sən ilə həşrə gəlir başlar əlində şühəda,
Üsəranı başıma cəm edərəm mən də, əxa,
Gələrəm məhşərə bu zülfi-pərişanım ilən.
Ümmətə cümlə şəfaət edərəm mən sən ilə,
Kərbəladə bulaşan qanına pirahən ilə,
Şimri-dunun yaxasından tutaram şivən ilə,
İstərəm qanını bu çaki-gəribanım ilən.
Ya hüseyn, hövli-qiyamətdə yetiş imdadə,
Raciyəm, bircə ümidim sənə var üqbadə,
Ağlaram, olsa həyatım nə qədər dünyadə,
Gecə-gündüz sənə bu dideyi-giryanım ilən.