Azərbaycan ədəbiyyatı (F.Köçərli, II cild)/Hacıağa "Fəqir" Ordubadi
←Hacı Əbülhəsən Raci | Azərbaycan ədəbiyyatı. II cild. Hacıağa "Fəqir" Ordubadi Müəllif: Firudin bəy Köçərli |
Hacı Molla Abbas "Şölə"→ |
Azərbaycan şüərasının məşhurlarından birisi də mərhum Hacıağa ibn Məhəmməd "Fəqir" təxəllüsdür. Fəqirin şərhi-halı və sirəti-əhvalı Naxçıvan, Ordubad tərəfdə və İranın bəzi şəhərlərində cümlə üdəbaya məlumdur. Hacıağa təvəllüd edibdir Ordubad şəhərində təxminən hicrətin 1252-ci[1] sənəsində. Ordubad Naxçıvan nahiyəsində İrəvan quberniyasında qədim qəsəbələrdən birisi hesab olunur. Əhalisi əksəriyyən müsəlmandır; ermənisi də var, azdır və onlar ticarətlə məşğul olur. Ordubad əlan İran ilə Rusiyanın sərhəddində vaqe və Rus dövlətinə mütəəlliqdir.
[1] 1836.
Ordubadın ab-havası mötədildir, özü də bağat içində bir basəfa yerdə vaqe olubdur. Ordubadın meyvəcatı və məhsulatı az yerdə tapılar.
Çün Fəqirin atası İranda alış-veriş edərmiş, ona binaən Fəqir dəxi uşaqlıqdan İrana düşüb, onun üçün Təbriz və Şiraz kimi səvadi-əzəmdə nəşvü nüma edib, mərtəbeyi-kəmalata qədəm qoymuşdu.
Məşhur rəvayətə görə, xaki-paki-Şirazda təhsili-ülum edib, ərəb və fars dillərini kamil vəchdə bilirmiş və öz ana dilinə dəxi artıq meyli olmağa görə, dara imiş.
İyirmi beş sinnində ərseyi-şerdə cövlan edərkən "hübbül-vətəni minəl-imani"[2] hədisi-şərifini unutmayıb, vətəni-məlufuna övdət etmişdi. Az müddətin mürurunda şüəralar silkində şöhrət kəsb edib "Gülşəni-ürfan" adında bir məcmuə sahibi sayılırdı.
[2] Hübbül-vətəni minəl-imani--vətənə məhəbbət imandandır. Hədisdir.
Hacıağa Fəqir tizfəhm, fəsih və hazırcavab bir şəxs ikən artıq rəvan təb sahibi imiş. Əksəri-ömrünü tədrisü tədibi-əbnayi-vətən ilə keçiribdir.
Hicrəti-nəbəviyyənin 1303-cü[3] sənəsində rəcəbül-mürəccəbin onuncu günü qırx beş sinninə yetişdikdə nidayi-həqqə ləbbeyk deyib və dəvəti-həqqi icabət edib haqq-təala rəhmətinə vasil olubdur.
[3] 1886.
Fəqirin məcmuəsi üç sənə bundan əqdəm fərzəndi-möhtərəmi Kərbəlayi Məmməd Səid Ordubadi [tərəfindən] Təbrizdə çap olunmağa göndərilmişdi və lakin bu hala dək onun çap olunması və ya olunmaması bizə məlum olmadı. Səid cənabları o vaxtı bizə işarə etmişdi ki, Təbriz çapı namərğub olduğuna görə, məcmuəni istəyir gətirdib Badkubədə çapa verdirsin. Badkubədə dəxi onun çap olunmadığı bizə məlumdur.
Burada onun əsərlərindən bəziləri ki, cənab Səid lütf üzü ilə bizə göndəribdir, dərc olunur. Məcmueyi-məzkurənin dibaçəsindən bir neçə şerlər:
Sipasi-şükrü həmdi-fərdi-yekta,
Xudayi-biməsəl, həyyü təvana,
Qiyasi-əqli-küll zatında qasir,
Deyən şənində əhməd "maərəfna".
Təmamən masiva etsə kitabət,
Yazanmaz vəsfinə bir sətri-tuğra.
Olar vəssaflər vəsfində aciz,
Zəhi sübhani-bieybü mübərra.
Fərəhza, qəmzüda kəlmati-paki
Tapılmaz elminə övlavü üxra.
Edən məxluqi min şeyi icad,
Vücud ondan tapıb əczayi-əşya.
Zəhi qadir ki, bu nöh taqi-çərxi
Ucaldıb sün binəccarü bənna.
Kəvakiblə verən əflakə zivər,
Bürucati-bənat, əqdi-sürəyya.
Yaratdı cümləsin yeksər ədəmdən,
Hamana "kaf"i etcək "nun"ә ilqa.
Qılıb bir qətrədə cəmi-əvalim,
Mürəkkəb eyləyib əczavü əza.
Fəlasif cümlə aciz hikmətində.
Ümumən ləğvdir hökmi-ətibba.
Olub ondan müvafiq dörd məxalif,
Qılar dörd zidd bir yerdə müdara.
Dibaçənin axırında yazılıbdır:
Fəqira, yetməz hərgiz intihayə,
Məlayik ta qiyamət olsa guya.
Dibaçənin bəzi yerlərini oxuya bilmədik, çünki əlimizdə olan nüsxə imlasız və dolaşıq xətt ilə yazılmışdır.
Fəqirin gözəl əsərlərindən birisi onun dünyanın bivəfalığı xüsusunda yazdığı ibrətnamədir ki, burada eyni ilə dərc olunur:
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olur,
Bülbül bahar olanda işi ahü zar olur.
Gül mövsümündə naleyi-bülbül əbəs deyil,
Fəsli-xəzanı yadə salır, biqərar olur.
Baği-cahanda qönçəni neylim olur bir ay,
Xarı çəkir kənarına, bietibar olur.
Novrəs cavanların qədidir ziri-xakdə,
Eylər nömüvv sərv ləbi-cuybar olur.
Baxsan bəsirət ilə əgər zülfi-sünbülə,
Müşkül sənə ki, bir neçəsi aşikar olur.
Sünbül deyil çəməndəki, susən deyil, nədir,
Yarın şikənci-zülfüdü yerdən kənar olur.
Topraqdən çıxan xəti-səbzi-nigardır,
Reyhan odur ki, üzdə həmişə qubar olur.
Gülşəndə bülbülə dedilər:--Badə nuş bad!
Verdi cavab ki, axırı rənci-xumar olur.
İbrətlə bax qızıl gülə, gör çərxi-kəcmədar
Əvvəl onu əziz edər, axır nə xar olur.
Gəh qönçə pərdəsində qoyar, bağrı qan edər,
Gahi çəkər gülabın atar, tarmar olur.
Lalə deyil çıxıb qızaran Bisütundə,
Fərhad qəlbidir ki, hər il dağdar olur.
Çəşmin vurar şükufə, əgərçi beş-altı gün
Axır fələk qəbasin alır uri-ar olur.
Böylə xəyal etmə çəməndə bənəfşədir,
Nakam əruslar qaşıdır vəsmədar olur.
Dünya birini ağladıban, güldürür birin,
Əbrin sirişki xəndəgəhi-laləzar olur.
Tərk etgilən bu dəhri-dəni pirə zalını,
Hər gün bir ayrı şövhərə çün ixtiyar olur.
Bietibardır bu köhən çərxi-bibina,
Aqil kişi nə yatmış olur, huşyar olur.
Çoxları tərk edibdi fələk, yox nişanəsi,
İnsan üçün onun əməli yadigar olur.
Bəhram Guri gör necə gurə çəkib fələk,
Rubahi-çərxə şir olan axır şikar olur.
Bizdən sora o qədr baharü xəzan gəlir,
Hər il şübatü azərü neysan əyar olur.
Badi-səba keçər, sora badi-şimal əsər,
Daim bu ordu rüusi-şəhrü xar olur.
Biz görmədik, görən görəcәkdir zəmanəni,
Gəh yaz olanda gül olu, gəh qışda qar olur
Kəsranı get Mədainə al Tağdən xəbər,
Taci-Kəyan qoyan yenə dəfni-məzar olur.
İskəndəriyyə şəhrinə get, gör Skəndəri,
Biçarə o cəlal ilə gör nə fikar olur.
Çoxları çəkdi təxteyi-tabutə təxtdən,
Cümlə şəhənşəhin yeri ol qəbri-dar olur.
Ey nəfsi-şum, axır olubdur nədir bu cəhd,
Vizrü vəbalı boynuna yığma ki, bar olur.
Beş gündən ötrü dövlətü malü imarəti
Gəl istəmə, gedəndə ki, bir intizar olur.
Fitnə dolub cəhanə, xəlayiq olub şərir,
Yoxdur cahanda xeyir, əcəb ruzigar olur.
Mərdüm bulur halalı həramü həramı pak,
Nahaq şəhadət onlara daim şüar olur.
İmanların satarla çilov, çayü qəhvəyə,
Çoxdur bu şəxs yarləri yadxar olur.
Şəri-nəbi qiyamini eylərlə məsxərə,
Hər yerdə əmrü nəhy ola, onlar fərar olur.
Ya rəb, Əliyyü ali-Əli hörmətinə sən
Fəryadə yet o gündə ki, ruzi-şümar olur.
Artır mənə nəbiyyü vəlinin məhəbbətin,
Gər böylə olsa, nəxli-ümidimdə bar olur.
Fəryadıma Əlini o gündə yetir mənim,
Ruhum gedər, bədən qalı biqəmküsar olur.
Yarü rəfiqü qövmü bəradər qoyar gedər
Əndamımı sıxar, mənə çün qəbr dar olur.
Ey dil, ötürmə daməni-ali-Məhəmmədi,
Qəm etmə, yavərin, şəhi-Düldül-səvar olur.
Artır, Fəqir, dildə Əlinin məhəbbətin,
Hər kəs qulam ola o şahə, tacdar olur.
Fəqirin bu ibrətnaməsinə hikmət nəzərilə baxılsa, hətiqətdə bir para sirrlər aşkar olur. Ruzigari-sitəmkarın pənceyi-qəddarında giriftar olub, ömürlərinin bahar çağında əcəl badəsini nuş edən cavan oğlanların, ziba sənəmlərin məzarları üstə bitən gül və lalələrin və ənvayi-çiçəklərin hər birisi onların hüsni-məlahətlərindən nişanə deyillərmi? Ləbi-cuybarda bitən sərvlər ziri-xakdə dəfn olunan novcavanların qəddi-mövzunu deyilmi? Çəməndə bitən sünbül, susən özgə bir şey deyil, "yarın şikənci-zülfüdü yerdən kənar olur".
Torpaqdan göyərib yengi çıxan təzə-tər, xırdaca otlar novcavanların gül üzarları üstə bitən bu xətlərdir. Reyhanın üstə müşahidə olunan qubar üzdəki qəm qubarıdır. Bisütunda çıxıb qızaran lalələr Fərhad misallı namurad cavanların dağdar olmuş ürəkləridir. Çəməni müzəyyən edən bənəfşələr və çiçəklər nakam ərusların pərişan zülfləridir.
Dünyanın işi belədir. Bir kəsi başa kimi xoşhal və kamyab etməyibdir. Birisini ağladanda, o birisini güldürür. Necə ki, buludu ağladıb çəməni-laləzarı xəndə qılır. Birisinin müsibəti qeyrisinin fərəhü şadlığına səbəb olur.
"Kürdün çul satmağı" təmsili dəxi Fəqirin ibrət götürüləsi əsərlərindən birisi olmağa görə burada çap olunur:
Guş edin ərzimə yeksər, siz əya pirü cəvan,
Bircə təmsil gəlib xatirimə, eylüm əyan,
Nəql ediblər bu keçən il var idi bircə kişi,
Sahibi-xeylü rəmə, əhli-məhali-İrəvan.
Toxumuşdu Fatısı əsl fayiq bir çuli-əsb,
Xeyli mətbuü dilavizü giran, qədri giran.
İşləmişdi onun üstündə Fatı düz iki ay,
Tar-pudunda onun bənd eləyib rişteyi-can.
Şamova verdi çulu, söylədi ki:--Həmsəri-mən,
Sübhdən sal çulu, min yabını, ol şəhrə rəvan.
Aparıb bu çulu sən şəhrdə sat qırx manata,
Beş qəpik əksiyə satma ki, olur bəs ərzan.
Satıb, al Dilpəriyə, Gülpəriyə nimtənəlik,
Yırtılıb, Dilpərinin yoxdu ayağında tuman.
Əti-əndamı çıxıbdır eşiyə Nazpərinin,
Köynək al əyninə, həm başına şali-Şirvan.
Səni tarı, a kişi, al mənə də bir yalavuc,
Fəsli-yaylaqda tiküm nimtənə şali-Kirman.
Saqquz al Mahpəriyə, Şahpəriyə güzgü, daraq,
Algilə cəhrəmə ig, bir tikə qır, çit, kətan,
Qədri zərnix, ahəg al gətir tənvir eləyәk,
Tük basıb canımızı, sirkə-bitə oldu məkan.
Süuva bircə düdük, al Əlüvə bircə lülük,
Məmova bircə papaq al, verəyüm həqqi-çoban.
Əyn-başın tökülüb, al özünə bircə geyim,
Madyana noxta alıb, eşşəyə də bircə palan.
Müxtəsər, götdü çulu, şəhrə rəvan oldu o kürd,
Çiyninə saldı gəzib çarsuyi-bazar, dükkan.
Qırx manat söylədi, bir kimsə onu almadılar,
Şəhri üç gün dolanıb mat-məəttəl, heyran.
Dedi:--Bu töhfədi, qətən alır əşxas bunu,
Gər qubernata verəm, çox mənə eylər ehsan.
Müxtəsər götdü çulu, sildi tozü torpağın,
Gətirib verdi qubernatə haman dəmdə nişan.
Ta qubernat görüb söylədi işto-mişto,
Dedi:--Bir töhfə gətirdim sənə canım qurban.
Yaranal aldı çulu, verdi qulamına o dəm,
Şamovun qəlbi açıb gül kimi oldu xəndan.
Yaranal söylədi üç yol "xaraşo", bir "malades",
Daxil oldu evinə, qıldı Şamo dadü fəğan:
--Nə qələtdir elədim öz nənə-babamla mən,
Bilirəm Fatı yolur yalımı bişəkkü güman.
Müxtəsər, kəndə gəlib, ta Fatı gördü ərini,
Üzü qara, əli boş, zurna çalır, həm balaban.
Şamova söylədi Fatı:--Çulu satdın neçəyә?
Hanı çul? Yağlığımız noldu məgər? Eylə bəyan!
Dedi ər:--Fatı, çula uç "xaraşo", bir "malades"
Yaranal verdi, əgər sud ola, ya inki ziyan.
Eşidib Fatı, vurub kürdə ikiəlli qapaz.
Kürd salıb möhra tasa, çəşminə tar oldu cahan.
Durdu övrət ayağa, geydi çarıq, sonra dolaq,
Şamovu götdü, minib yabını çün şiri-jəyan.
Girdi ta şəhrə, qubernat qapısın etdi tələb,
Dışra çıxdı yaranal, gördü gəlir dad, aman.
Dedi:--Zaçem tı sidiş, dlya çevo stroqo?
Baş əyib övrəti-biçarə çəkib ahi-nihan.
Ərz qıldı yaranala:--Mən Şamovun Fatısıyam,
Niyə zülm eyləyə bilməm ümənayi-divan?
Vermisən o çula sən üç "xaraşo", bir "malades",
Verirük hər kəsə, verməzlə bizə bircə soğan.
Ya pulu, ya çulu ver, istəmirik biz xaraşo,
Malades qarnımızı sir eləməz, istər nan.
Eşidib bu sözü çox güldü qubernat ol dəm.
Xoşuna gəldi, gəlib nitqə, deyib xəndəkönan:
--A patom, tı niboysya, istiroqa, istiraqa,
Lütfi-bihəd qılaram mən sizə hər saətü an.
MƏNZUMӘ
Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbul,
Xəlqdən çəkməgilən gərdənə çox bari-giran.
Yox səxavət əsəri xəlqdə, yum çəşmi-təmə,
Nədi hər ləhzə qubernat qapısı, xidməti-xan.
Ey Fəqir, çəkməgilən çox da dəni minnətini,
Söyləmə cifədən ötrü dəxi həcvü hədyan!
Fəqir bu kəlamda dənitəblərin minnətinin bari-giran olmasını türfə timsali-ədibanə ilə nəzmə çəkib, sahibmənsəblərdən və ümənayi-dövlətdən səxavət və ehsanat diləməyin bihudə xəyal və əbəs səy olmasını göstərir. Bundan əlavə ülumü mərifətdən bibəhrə qalmış və yarı insaniyyət və yarı vəhşiyyət halətində güzəran edən kürdlərin məişətindən bir parça nümunə göstərir. Heyfa ki, Fəqirin sair əsərlərinə bələdiyyət yetirə bilmədik. "Moşt nomuneye-xərvarəst" heysindən bu məcmuəyə daxil olanlar dəxi onun müqtədir şair və zərif ədib olmasına dəlili-kafidir.