Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Aşıq Əli Kəlibəri Qaracadağlı (məqalə)

Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs Azərbaycan ədəbiyyatı. I cild. Aşıq Əli Kəlibəri Qaracadağlı
Müəllif: Firudin bəy Köçərli
Aşıq Lənbərani


Aşıq Əlinin bir neçə kəlamından--ki, Mirzə Yusif Qarabağinin tərtib etdiyi məcmuədə dərc olunmuşdur,--belə məlum olur ki, onun çəndan elm və savadı yox imiş və ona şair deyilməyib aşıq deyilməyi bu qövlümüzə şahiddir. Aşıq Əli Molla Pənah Vaqifin müasiri olduğu Vaqifin mədhində yazdığı kəlamdan anlaşıldı.

Mürəbbeatlarının bəzində lətafət var isə də, qüsur və rəkakətindən xali deyil. Məsələn, mürəbbeatından birisini bu sayaq başlayır:

Nə saətdə gəldim dünya evinə,
Şum sitarə, bəxti bağlı olmuşam.
Taleim bəd, günüm qara, cəfakeş,
Hicran evli, dərd otaqlı olmuşam.

Burada "şum sitarə", "bəxti bağlı", "hicran evli", "dərd otaqlı" kimi qafiyələrin nə vəznində və nə üslubunda bir yaraşıqlıq və sazişlik var və nə də sözlərin mənasında bir lətafət və zərafət….

Bunlar əslən şair sözlərinə bənzəmir, bəlkə Qurdoğlu sözlərinə oxşayır. Bu kəlamın az-çox yenə axırkı bəndi xoşayənddir:

Əliyəm, çox çəkdim dərdü bəladən,
Qəm əl götürmədi mən mübtələdən,
Aləmi-ərvahdə qalü bəladən
Xun cigərli Qaradağlı olmuşam.

Aşıq Əlinin qəzəllərindən ən mərğubu aşağıda yazılan qəzəli-müstəzaddır:

Ey sərvi-səhi, sən gələli seyr ilə bağə,
Baş çəkmədi ər-ər,
Çox alinəsəblər özünü saldı ayağə,
Qul oldu sənubər.
Bir xalın üçün zülfünə çoxlar dolaşıbdır,
Ancaq məni bilmə.
Bir danə üçün çox quş özün saldı duzağə,
Dam oldu müsəxxər.
Sünbül özünü zülfünə bənzətdi, nigarım,
Gördü ki, xətadır.
Dağlarda tapar yüzü qarabaşı aşağə,
Qayğılı, mükəddər.
Sən tək pərinin mənzili viranə gərəkdir
Ya çeşmələr üstü,
Könlüm kimi viranə, gözüm kimi bulağə
Gəl, ey pəripeykər!
Dünyada əgər Əli özü ağlıya getsə,
Zülfün həvəsindən,
Rəhmət yağışı torpağının üstünə yağə,
Qəbri ola ənvər.

Bundan əlavə Molla Pənah Vaqifin mədhində yazdığı qafiyələrdir ki, bu sayaq başlanır:

Bu gövhər sözlərin, ey alicənab,
Tamam aşiqlərin səminə gəlmiş…. i.a.

Molla Pənah Vaqifin tərcümeyi-halına müraciət etməli.