Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Nişat Şirvani (məqalə)

Nabi Əfəndi Şirvani Valiyül-əsl Azərbaycan ədəbiyyatı. I cild. Nişat Şirvani
Müəllif: Firudin bəy Köçərli
Nəsimi Şirvani


Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şerlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik.

Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. Və lakin Nişat qürbət vilayətlərdə kamal və təcrübə kəsb edibsə də, xeyli məşəqqət və zəhmətlərə dəxi düçar olubdur. Necə ki, bu xüsusda bir qəzəlində yazır:

Qürbətdə rəhi-səbdə əsbabi-səfər tək
Asudəliyim olmadı hər mənzilə düşdüm.

Gər misli-hübab özgə həva başıma düşdü,
Bir dəmdə evim tikdimü yıxdım, yola düşdüm.

Üz görmədim əzbəs ki, Nişat, əhli-vətəndən,
Bu vəch ilədir kim, baş alıb hər elə düşdüm.

Aşağıda yazılan qəzəl Ağaməsihin diqqətini cəlb edib, ona cavab yazmağa şairi vadar etmişdir.

Qəzəli-Nişat:

Şuri-cünun aşiqin başına rifət verir,
Hər kəsə dünyadə, həq əqlicə dövlət verir.

Qanım içirkən bulur çeşminə eyni-səfa,
Öylə ki, meyxarələr bəzminə zinət verir.

Handa ki, görsən, könül, yarı, dolan başına,
Sanma ki, dövran sənə bir dəxi fürsət verir.

Surəti-halın demək aşiqə lazım deyil,
Üz verə iqbal əgər, eşq özü surət verir.

Gövhəri-nəzmin, Nişat, eyləmə hər yerdə sərf,
Bir belə bazardə kim ona qiymət verir?

Bunun cavabında Ağaməsih yazmışdır:

Aşiqə təlimi-yar feyzi-bəşarət verir,
Necə ki, gül bülbülə dərsi-fəsahət verir.

Ol səhiqəd, püstələb gülşənə olsa rəvan,
Qönçəni dilgir edər, sərvə xəcalət verir.

Əmməyə mümkün ola gər ləbi-dildardən,
Çeşmeyi-heyvan kimi gör necə ləzzət verir.

Vaiz özü hurilər vəsfi ilə zövq edər,
Tərki-meyü eşq edin--xəlqə nəsihət verir.

Duzəx özü söylənir şiddəti məşhurdur,
Canda fəraq atəşi özgə hərarət verir.

Çərxə vəfa bağlama, eyş edə gör vəqt ikən,
Vədə irişsə, əcəl sanma ki, fürsət verir.

Gövhəri-nəzmin, Nişat, düşsə Məsih əlinə,
Rayici-bazar edər, aləmə şöhrət verir.

Ağaməsihin axırkı beyti Nişatın xoştəb və şirinkəlam bir şair olduğunu göstərir. Nişatın öz əsərləri dəxi onun fünuni-şerdə mahir və qabil olduğunu bildirir. O əsərlərdən bir neçəsi burada yazılır.

Qəzəli-Nişat:

Sənin fərşin ki, zahid, buriyadır,
Həqiqət mənzilində bu riyadır.

Riyadır zahidin gərçi namazı--
Və lakin xəlq içində xoş ədadır.

Nikahından ol ahuçeşmin, ey dil,
Özün saxla kim, ol eyni-xətadır.

Düşər güzgüyə daim əksi-canan,
Könül saf olsa, hər mətləb rəvadır.

Əcəb yox, türrəsindən olmuşam şad,
Mənim bəxtim ki, var başdan qaradır.

Nişatın könlünü incitmə, ey şux,
Sənə nifrin edər, əhli-duadır.

Yenə qəzəli-Nişat:

Qönçə tək eldən kişi sirrin nihan etmək gərək,
Aşiqi-yekrəng olan bağrını qan etmək gərək.

Müşkül işdir dərdi hər bidərdə izhar eyləmək,
Dərdi bir dərd əhlinə şərhü bəyan etmək gərək.

Xəlqdən qəti-ədaqə eyləyib ənqa kimi,
Bir qənaət guşəsində aşiyan etmək gərək.

Yaxşı gündə bilmək olmaz kim, dəyanət kimdədir,
Yaxşı yoldaşı yaman gün imtəhan etmək gərək.

Ey Nişat, ox tək sözümdən hər kimə səhm eylənir,
Böylədir, doğru sözü xatirnişan etmək gərək.

Nişatın bu qəzəli hikmət və təcrübə üzü ilə deyilmiş şerlərdir. Şair hər nakəsə sirri-zəmiri açıb söyləməkdən insana ariz olan zərəri təcrübə ilə müşahidə edib nəsihət üzü ilə tövsiyə edir ki, kişi olan gərəkdir qönçə tək sirrini xalqdan pünhan saxlasın, ta ki, öz muradına vasil ola bilsin. Peyğəmbərimiz Məhəmməd əl-Mustafa dəxi buyurmuşdur ki, "hər kəsə sirri əyan etmək olmaz". Necə ki, Molla Rumi "Məsnəvi"sində bu babda yazmışdır:

Ta təvani pişe-kəs məgşay raz,
Bər kəsi in dər məkon zinhar baz.
Çon ke əsrarət nəhan dər del şəvəd,
An moradət zudtər hasel şəvəd.
Qoft peyğəmbər ke, hər ke ser nəhoft,
Zud gərdəd ba morade-xiş coft.
Dane çon əndər zəmin penhan şəvəd,
Səre-u sərsəbzeye-bustan şəvəd.
Zərro noğre gər nəbudəndi nəhan,
Pərvəreş key yaftəndi zire-kan. [1]

[1] Tərcüməsi:
Bacardığın qədər heç kəsin yanında sirr açma,
Amandır, bu qapını heç kəsə açma!
Əgər sirrlərin ürəyində gizlənərsə,
O muradın tezliklə hasil olar.
Peyğəmbər demişdir: hər kim ki, sirri gizlətsə,
Tezliklə öz muradına çatar.
Toxum torpaqda gizlənərsə,
Bostan bitkilərinin başı olar.
Qızıl və gümüş əgər üstüörtülü olmasaydılar,
Onlar mədəndə nə vaxt pərvəriş tapardılar?!

Və bu babda yenə əbəs deyilməyibdir ki: "Sər vermək olar, sirri əyan eləmək olmaz!" Doğrudan da insanın qəlbi karvansara deyil ki, yol ilə hər ötüb keçən onda özü üçün məqam bulsun və onun içində olan yaxşı-yamanı görüb aləmə faş qılsın.

İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küdurətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman günündə, yəni sənə bir yas və müsibət üz verən halda imtahan edəsən.

Hər gah dostun yaman günündə dəyanət göstərib öz dostluq və sədaqətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur. Və illa yaxşı gündə, əldə var və dövlət olan zamanı hamı sənə dost və xeyirxah olacaqdır. Odur ki, şair deyir:

Yaxşı gündə bilmək olmaz kim, dəyanət kimdədir,
Yaxşı yoldaşı yaman gün imtəhan etmək gərək.

Amma Nişatın bir arzu və xahişini haqq və savab görə bilmədik. O isə xalqdan qəti-əlaqə edib ənqa kimi qənaət kuşəsində aşiyan etməkdir. Nişatın bir tərəf-dən kuşənişin abidləri və riyakar zahidləri tən və məlamət edib, digər tərəfdən özü guşənişinlik arzu etməsi bir növ qəribə gəlir və bir də islamda röhba-niyyət olmadığı üçün müslüm gərəkdir xalq içində, həmçinsi arasında dolanıb, onlar ilə müaşirət eləsin, xalqa kömək və nəf yetirsin, xalqa, din və vətənə hüsni-xidmətlər göstərib hər ikisinin tərəqqi və təalisi yolunda sərfi-himmət etsin. Guşənişinlik böyük bir hünər deyil ki, onu arzu edib, əməli qeyrilərə dəxi töv-siyə olunsun.

Nişat Şirvaninin yuxarıda zikr olunan qəzəllərindən başqa daha da bir çox gözəl müxəmməsləri və mürəbbeatları vardır ki, cümləsinə məcmuəmizdə yer yoxdur.