Kəşfül-Həqayiq/ən-Nas Surəsi
←Fələq Surəsi | Kəşfül-Həqayiq ən-Nas Surəsi (1904) Müəllif: Mirməhəmməd Kərim Bakuvi |
Şükür Sözü→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Kəşfül-Həqayiq. III cild. səh. 684-686. Bakı. 2014. ISBN: 978-9952-82-21-9-9 |
114-cü surədir. Mədinədə nazil olub, 6 ayə, 20 kəlmə və 79 hərfdir.
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ (١) مَلِكِ النَّاسِ (٢) إِلَهِ النَّاسِ (٣) مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ (٤) الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ (٥) مِنَ الْجِنَّةِ وَالنَّاسِ (٦)
Allah-Təala bu mübarək surədə bir xəbis sifətin şərindən Allah-Təalaya pənah aparmağı möhtərəm peyğəmbərinə əmr edir, lakin əslində ümmətinə bu mübarək surəyə hər zaman sarılıb, xəbis xəbərçilik sifətini tərk etməyi əmr edir. Bu xəbis sifət bundan ona, ondan buna söz aparıb, fitnə çıxarıb, insanları fəlakətə salmaqdır.
1-3) (قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ مَلِكِ النَّاسِ إِلَهِ النَّاسِ) - (Ey Məhəmməd), dilinlə vird edib, bundan sonra qeyd olunan şərirlərin şərindən Allah-Təalaya pənah apar. Lakin təkcə pənah aparmaqla kifayətlənmə, fəzilət məqamına götürüb ümmətinə də sənə tabe olmağı əmr et. De: “İnsanların rəbbi, mürəbbisi, hər bir işlərinin maliki və haqq olan məbudları Allah-Təalaya pənah aparıram. (Səbəbi gələcək ayədə qeyd olunur).
4-مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ مِنَ الْجِنَّةِ وَالنَّاسِ (6) - Cinlərdən və insanlardan xəbərçilik edib, söz gəzdirib, (kirpi) kimi fürsət tapanda baş çıxarıb, insanların qəlblərinə fitnə-fəsad salan, fürsət tapmayan da acizanə şəkildə bir guşədə gizlənib, qəlblərə vəsvəsə salıb, söz gəzdirənlərdən sənə pənah aparıram, ey Allahım. (Həqiqətən, xəbərçilik nə pis və qəbih sifətdir, ondan böyük fəsadlar törəyir. Neçə yerdə Qurani-Şərifdə və hədislərdə bu hərəkət qınanıb, onun sahibləri fasiq və günahkar adlanıb. Quran əhli gərək ayələrdəki belə əmrlərə əməl edib, xəbis sifətləri dəf edib, gözəl sifətlərə yönəlməklə nəfslərini təmizləyib, insanlıq məqamına yüksəlsinlər. Nəinki özümüzə Quran əhli deyib, ancaq Qurani-Şərifdən heç istifadə etməyib, vəhşilik və zəlalətə düşüb, insanlıqdan uzaqlaşıb, heyvanlar aləminə daxil olaq).
Allaha həmd olsun, bu mübarək surənin təfsiri tamamlandı. Allahın Rəsulu (ə.s) buyurdu: “Kim bu son iki surəni (Müəvvizəteyn-İxlas, Nas) oxusa, Allah-Təalanın nazil etdiyi kitabların hamısını oxumuş kimidir. Allahın Rəsulu (ə.s) doğru buyurub).
Mən həqir kitab müəllifinin bu təfsirə görə nəql etdiyim hədis çox müvafiq və haqq bir hədisdır. Çünki bu surələrdə qeyd olunan şərirlərin şərindən qaçmaq ilahi kitabların hamısında bəyan olunub və tərk edilməsi əmr olunubdur. Lakin təfsirçilərin, xüsusilə Əşəri məzhəbi alimlərinin təfsirindəki bu hədisdən və yozumlardan mühüm bir fayda görünmür. Çünki onlar surələri sehrbazların sehrinin həqiqət olması və şeytanın insana vəsvəsə edib, yoldan çıxartması şəklində təfsir ediblər və surələrin nazil olması səbəbi kimi bir hadisəni nəql ediblər. Peyğəmbər (ə.s) bir dəfə xəstələnmişdi. Bunun səbəbi kimi ona bəzi nalayiq hərəkətlər isnad etdilər. Mən həqir onları qeyd edirəm: “Naxoşluğunun səbəbi məlum olmadı. Cəbrayıl, ya da ki, başqa bir mələk gəlib peyğəmbərə dedi ki, sənə cadu ediblər. Filan yəhudi sənin tükündən qoparıb, düyün vurub filan quyuya salıbdır. Allah-Təala bu surələri sənə göndərdi ki, oxuyub şəfa tapasan. Peyğəmbər adam göndərib, həmin quyudan bir düyünçə çıxartdılar. İçində bəzi şeylər və peyğəmbərin başının tükü var idi, (necə ki, indi də falçılar belə düyünçələr hazırlayırlar) Peyğəmbər surələri o düyünə oxuyub, düyünlər açıldı, peyğəmbər də şəfa tapdı”. Bu mövzuda ağla zidd olan xeyli hədislər nəql edib, məqalələr yazıblar. Onları nəql etməkdən üz döndərdim, lakin belə sözlərin doğruluğunu və fəsadını ağıl sahibi şəxslərin rəyinə həvalə etdim. Hərçənd bəzi bədniyyət adamlar bu kitaba baxıb deyəcəklər ki, bu sözlər təfsirçilərin sözlərinə müvafiq deyildir. Mən həqir onların cavabında deyirəm: “Mənim təfsirimdə qeyd etdiyim mətləblərin hansı şəriətə və ağla ziddir? Əksinə, Quranın etibarını və ecazkarlığını sübut edən mənalardır. Təfsirçilər guya öz zəmanələrində olan falçıların əməllərinə baxıb, belə mənasız, hətta peyğəmbərə layiq olmayan şeyləri o cənaba isnad ediblər. Allah məni qorusun ki, mən həqir elə nalayiq sözləri və bir yəhudi qadının cadusu ilə cənab peyğəmbərin tilsimlənməsini ona isnad edim. Əgər sehrin həqiqəti olub, o cənaba təsir etsəydi, bir an da o uca şəxsiyyəti yer üzündə hərəkət etməyə qoymazdılar. Bu sözlərin hamısı cəhalət və nadanlıqdan meydana gəlib. Allahım, ayələrini anlamada bizə yardım et və bizi kitabınla əməl etməkdə sabit elə!
“Kəşfül-Həqayiq”in üçüncü cildini tamamladığım və bu xeyir əmələ axıra kimi məni müvəffəq etdiyi üçün Allah-Təalaya həmd-səna edib, təşəkkürlər edirəm. Bu axır vaxtlarda mən həqirə xeyli qəm-qüssə, kədər üz verdi... Bu kitabı tamamlaya bildiyim üçün ağacların yapraqları, dənizlərin suları, çöllərin qumları qədər, səma və yer durduqca, günəş yeri işıqlandırdıqca, ay günəşdən nur aldıqca, ulduzlar səmaya zinət verdikcə, yer kürəsində canlılar hərəkət etdikcə, yerdən bitkilər göyərdikcə, ağaclarda quşlar oxuduqca, aləmin yeganə yaradıcısının müqəddəs zatını yenidən həmd-səna və təqdis edib, onu pak və müqəddəs sayıram. Bu mübarək təfsiri cümə axşamı gecəsi Zilqədə ayının 22-də 1323-cü hicri ilində, saat 10.15-də bitirdim. Bu kitaba baxan pak qardaşlarımdan və ağıl sahibi uca şəxslərdən xahiş və ümidim odur ki, əgər bir səhv, unutqanlıq və ya bir nöqsan görsələr, əfv edib, nalayiq sözlərlə məni yad etməsinlər. Çünki insan unutqandır. İnsanın səhv edib, nəyisə unutması təbiidir. Mən həqir düz dörd il bu kitabı yazmaq üçün əziyyət çəkib, öz əskik qabiliyyətim sayəsində tamamlaya bildim. İdrak və kamal sahiblərinin nəzərində məqbul olmasını ümid edib, bu mühüm işə yönəldim. Allaha həmd olsun, ümidsiz qalmayıb bu xeyir işi tamamlaya bildim. Hər bir işimi Allah-Təalaya həvalə edib, Ondan yardım istəyirəm.