Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/68-ci xütbə

67-ci xütbə Nəhcül-bəlağə. 68-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
69-cu xütbə


İmam Əli əleyhis-salamın öz səhabələrini (Şam əhli, yəni, Müaviyənin qoşunu ilə döyüşə hazırlaşmadıqlarına görə) qınadığı kəlamlarındandır. Yükün ağırlığı donqarını əzən cavan dəvələrlə yol gedilən kimi (Allah yolunda cihada hazır olmadığınıza görə) nə vaxta qədər sizinlə yola gedim, dalbadal cırılan, bir yerini tikdikdə başqa tərəfdən sökülən paltarlar kimi rəftar edim? (Sizləri hər tərəfdən yığıb, müharibəyə hazırlayıram, yenə də dağılırsınız.) Şam əhlinin qoşunundan bir dəstə sizlərə yaxınlaşdıqda, hər bir kişiniz (azacıq səs eşitdikdə, öz yuvalarına qaçan) kərtənkələ və kaftar öz yuvalarında gizlənən kimi (qorxudan) evlərinizin qapısını bağlayıb, bir guşəsində gizlənirsiniz. Allaha and olsun, sizin kömək göstərdiyiniz şəxs (döyüşdə) zəlil və xardır (çünki ağıllı və igid deyilsiniz). Sizlərin köməyilə (düşmənə doğru) ox atan (düşmənin irəliləməsinə mane olmaq istəsə) ucsuz, başı sınıq ox atmışdır (belə oxun faydası olmadığı kimi, düşməni dəf etməkdə və məğlub etməkdə də sizin heç bir faydanız yoxdur). And olsun Allaha, sizlər evlərinizdə çox, bayraqların altında isə azsınız (evlərinizdə olarkən yığışıb mənasız sözlər danışır, ancaq düşmənlə döyüşmək üçün yığılmırsınız). Mən sizləri islah edib (düşmənlə döyüşə hazırlayan) və əyriliyinizi düzəldən (itaətcil edən) şeyi bilirəm. Ancaq, Allaha and olsun ki, özümü puç və zay etməklə sizi islah etməyi caiz bilmirəm. (Çünki bu yolla islah etmək mənim ilahi əzaba düşməyimə səbəb olar və mən buna razı deyiləm.) Allah üzünüzü qara etsin (mənim öyüd-nəsihətlərimi qəbul etməyə layiq olmadığınıza görə əzaba düçar olun), bəhrə və nəsibinizi az etsin (axirətdə bədbəxt olacağınız kimi, dünyada da bədbəxt olun, çünki) batillə tanış olduğunuz (ona itaət etdiyiniz) qədər, haqqı tapmırsınız (ilahi hökmlərə əməl etmirsiniz). Haqqı və həqiqəti batil etdiyiniz qədər batili məhv etmək niyyətində deyilsiniz (doğru yola qədəm qoymur, həmişə batil yolda olursunuz).