Səyavuş/Başlanğıc

Səyavuş. Başlanğıc
Müəllif: Hüseyn Cavid
Birinci pərdə


Zabilistanda təlim meydanı. Səhər erkən… Coşğun muzika. Sadə qiyafəli, qumral saçlı Səyavüş bir köy d ə l i q a n l ı s i l ə qılıc təlimi yaparaq vuruşur. Bir yanda Z a l oğlu Rüstəmlə başqa cəngavərlər, bir yanda səmimi çöhrəli, ağsaçlı bir q a d ı n l a k ö y l ü q ı z l a r və dəliqanlılar tamaşa edərlər. Səyavüş arqadaşına üstün gəlir.
Ümumi alqış.

R ü s t ə m
Afərin, Səyavüş!

K ö y l ü l ə r
Yaşa, bin yaşa!

S ə y a v ü ş
Ər gərək ər meydanında çarpışa.

R ü s t ə m
Kim istərsə, gəlsin!

İ k i n c i d ə l i q a n l ı
Bənimdir sıra.

S ə y a v ü ş
Sən də gəl, ər istər bana saldıra.
Qılıclar parlar, vuruşurlar. Səyavüş üstün gəlir. Alqış…

K ö y l ü l ə r
Yaşa!

S ə y a v ü ş
Kim gəlirsə gəlsin, çəkinməm.

R ü s t ə m
Yalnız eşdir ona Zal oğlu Rüstəm.

S ə y a v ü ş
Bən səndən öyrəndim qəhrəmanlığı,
Yenilsəm də yoqdur peşimanlığı.

R ü s t ə m
Durmayın, çalın da gurlasın davul.

S ə y a v ü ş
Aydın olsun kimdir qəhrəman oğul.
(Çarpışırlar, hiç biri yenilməz.)

R ü s t ə m
Nə sən, nə bən! Biz ər oğlu ərləriz,
Gücdə, saldırışda həp bərabəriz.

Ətrafdan əskəri muzika eşidilir. Rüstəm əlini alnına qoyub baqar.

B ə h r a m
Kimdir onlar? İştə önlərində Tus!

R ü s t ə m
Bəlli, göndərmişdir onu Keykavus.
T u s bir bölük cəngavərlə gəlir, təmənna edər.

H a m ı
Salam Zal oğluna Kəyan şahından.

T u s
Salam Səyavüşə!.. Al, iştə fərman!
(Bir məktub verir.)
Bu gündən atmalı köy mühitini,
Möhtəşəm saraylar bəkliyor səni!

S ə y a v ü ş
(məktubu gözdlən keçirir, Rüstəmə)
Azadə dirliyə alışdım artıq,
Ağır gəlməzmi ya bana ayrılıq?

R ü s t ə m
Madam ki, əmr etmiş bizə şah baban,
Çıqmalıyız yola günəş doğmadan.

S ə y a v ü ş
(ağsaçlı, köylü qadına yaqlaşır, əlini öpər).
Sağlıqla, ey böyük, möhtərəm ana!
Sən anadan daha yaqınsın bana!

Q a d ı n
(onun alnından öpərək)
Quzum! Er-gec parlar adın cihanda,
Diz çökərlər sana qarşı hər yanda.
Zalimlə məzlumu, saqın, bir tutma,
Yediyin ətməyi, duzu unutma!
Hər ölkəyə varsan, bizi anarsın,
Nasırlı əllərə acır, yanarsın.
(Dərindən ah çəkərək.)
Şən saraylar məğrur etməsin səni,
Düşün daim yoqsulların dərdini.
Uyma evlər yıqan kinli şahlara,
Acı! Köyüsləri yaqan ahlara!
(Səsini yüksəldərək.)
Biz səni bəslədik, çalış, adil ol!
Haydi, yavrum, şanlı yol, uğurlu yol!
Coşqun muzika… Uzaqlaşırlar.

R ü s t ə m
Şanlı yol, uğurlu yol!

K ö y l ü l ə r
Şanlı yol, uğurlu yol!
(Deyə onların izilə gedərlər.)

Pərdə