Səyavuş/Birinci pərdə

Başlanğıc Səyavuş. Birinci pərdə
Müəllif: Hüseyn Cavid
İkinci pərdə
I SƏHNƏ

Keykavus sarayında son dərəcə parlaq bir salon… Bağçaya baqır, əlvan camlı, ipək pərdəli böyük pəncərələr… Coşqun musiqi ətrafı çıplatır. Gənc, əsmər, cazibəli, möhtəris baqışlı Südabə kölələr omuzuna yüklənmiş taxt-rəvan üzərində i k i c a r i y ə ilə bərabər gəlir. Açıq pəncərədən dışarıdakı ziyafəti seyr edər. Palabıyıq bir pişxidmət qapı önündə ayaqda durub baqır

B i r i n c i c a r i y ə
(gənc… bağçeyi göstərir)
Nə parlaq ziyafət, nə şanlı bayram!
Keykavus sarayı rəqs edər tamam.

İ k i n c i c a r i y ə
(daha gənc)
Nazlı məlikəmiz Südabə, əfsus,
Hər sevincə qarşı kədərli, məyus.

S ü d a b ə
Nəş’ədən bayılsa bütün kainat,
Sevda bulutları gülərmi? Heyhat!

B i r i n c i c a r i y ə
İştə, qədəhlər doldu.

İ k i n c i c a r i y ə
Yenə meylər sunuldu.

M u z i k a.

S ü d a b ə
Səyavüşün sağlığına içdilər,
О həm gənc və gözəl, həm də cəngavər.

B i r i n c i c a r i y ə
Əvət, çeviklikdə bənzər qaplana.

İ k i n c i c a r i y ə
Qəhrəmandır, üstün gəlir arslana.

S ü d a b ə
Gücsüz tanrıdansa güclü qəhrəman
Səcdəyə, hürmətə layiq hər zaman.

B i r i n c i c a r i y ə
Baqsana! Səyavüş gəliyor sana.

S ü d a b ə
Siz çəkilin!
(Pişxidməti göstərir.)
О da getsin bir yana.
Hər üçü gedər. Qumral saçlı, başı açıq S ə y a v ü ş gəlir.

S ə y a v ü ş
Südabə!

S ü d a b ə
Səyavüş!

S ə y a v ü ş
Şah babam bəni
Göndərdi ki, də’vət eyləyim səni.

S ü d a b ə
Söylə, məraqlımı saray həyatı?

S ə y a v ü ş
Məraqlı olsa da köy xatiratı
Könlümü daima cəzb edib durur.

S ü d a b ə
Səncə о yaşayış daha хoşmudur?

S ə y a v ü ş
Çocuqluqdan bəri alışdım köyə,
Zal oğlu Rüstəmdən aldım tərbiyə.
Dağlarda yaşadım, ceyran avladım,
Böylə şənliklərə mənus olmadım.

S ü d a b ə
(onun əllərini yaqalar)
Könül, sən söylədikcə,
Anar əski çağları.
Canlandı gözlərimdə
Həp Suriyə dağları.

S ə y a v ü ş
(getmək istər)
Babam səni bəkliyor.

S ü d a b ə
Bəkləsin, istəməm, dur!
Orda bütün gözlər səni süzərkən,
Qısqanmağa başlıyorum bən həmən.
Qəlbim çırpınıyor dodaqlarımda,
Gəl, öpəyim səni…
(Öpərək başını onun köksünə dayar.)
Bəni bağışla!

S ə y a v ü ş
Anam ölmüşsə də, bu gün sən bana
İkinci annəsin ısındım sana.

S ü d a b ə
Deyil ana, sən yalnız
Bana Südabə söylə!
Unutma, bir yaşdayız,
Eş kimiyiz səninlə.
(Bir daha öpmək istər.)

S ə y a v ü ş
(geri çəkilir)
Bıraq!..

S ü d a b ə
Çəkinmə, ah, dur!

S ə y a v ü ş
Bən gedəyim.
(Gedir.)

S ü d a b ə
Nə məğrur!
Pusuda duran pişxidmət son mənzərəyi görür, çəkilir.

R ü b a b ə
(gəlir, təlaş ilə)
Nədir gözlərində coşan fırtına?

S ü d a b ə
Dərdim böyük, sorma, Rübabə, sorma!

R ü b a b ə
Sən Suriyə kralının yavrusu,
Yaraşmıyor bu hal sana doğrusu.

S ü d a b ə
Nə söyləyim, gəlməz dilə,
Bəni üzən fırtınalar.
Gəncliyimi gülə-gülə
Xırpalayan bir kabus var.
Könlümdəki atəşləri
Parlatamaz sönük yanğın.
Çəlik qollar istərim ki,
Bəni didsin, parçalasın.

R ü b a b ə
Söylə, hər nə dərdin olsa aç bana,
Süt anası deyilmiyim bən sana?!

S ü d a b ə
Qoymadı Səyavüş artıq bəndə can.

R ü b a b ə
Keykavus duyarsa çıldırır, inan!

S ü d a b ə
Əgər bütün saray yanıb tutuşsa,
Vaz keçəməm onun aşqından əsla!

M u z i k a.

R ü b a b ə
Çocuqluq yetişir, topla kəndini!

S ü d a b ə
Ah, şu sönük tale məhv edər bəni,
Könlümü zorluyor sevmədiklərim,
Sevdiyimdən bilməm nələr bəklərim!?
(Salonu tərk etmək istər.)

K e y k a v u s
(qarşı gələrək)
Niçin Səyavüşü qırdın, gəlmədin?

S ü d a b ə
Rahatsız kibiyim…

K e y k a v u s
(onun gözlərini süzərək)
Nə olmuş, niçin
О şən yıldızları öpər bulutlar?
Bilirsin ki, sənsiz nəş’ələr susar.
Nerdə rəqqasələr? Gəlsin, oynasın!
Nəş’ə dalğaları coşub qaynasın.

Pişxidmət digər salona işarə eylər, rəngarəng tüllərə bürünmüş rəqqasələr əllərində birər gülgəlir. Südabənin ayaqlarına ataraq oynarlar. Sonra bir qismi ona qarşı pərəstişkar bir ahəng ilə şarqı söyləyərək rəqsə dəvam edər. Sonra yenə sözsüz olaraq oynar və bayğınca bir işvə ilə çəkilirlər. Bu sırada pişxidmət bir məktub gətirir, vəzirə verir.

K e y k a v u s
Nə yazmış?

V ə z i r
Türk ordusu
Keçmiş bizim hüdudu.
Atılaraq iləri,
Talamışlar köyləri.

K e y k a v u s
(sarsılaraq qalqıb oturur)
İranda Rüstəm kibi
Pəhlivanlar dururkən;
Nə cür’ətdir bilməm ki,
Oh, bu azğınlıq nədən!?

R ü s t ə m
Xayır, şahim, aldırma,
Yersizdir bu iztirab.
Rüstəm dursun, onlara
Səyavüş verir cəvab.

T u s
Səyavüş var olsun, bəla görməsin,
Sayğısız düşmana aman verməsin.

B i r i n c i c ə n g a v ə r
Səyavüş bu yurdun fəxri, şanıdır.

İ k i n c i c ə n g a v ə r
Kəyanın sarsılmaz qəhrəmanıdır.

S ə y a v ü ş
Yurdumuzu çignəyən
Sayğısız hər kim olsa.
İnan ki, çoq sürmədən,
Diz çökəcək qarşıda.
Bizdə dəmir biləklər,
Çəlik qollar az deyil;
Saldırıcı, hünərvər
Mərd oğullar az deyil.

K e y k a v u s
(qızğın bir tevr ilə qalqaraq)
Yoq kimsədən qorqumuz,
Hazır olsun ordumuz.
Həp parlasın qılıclar,
Görülsün kimdə güc var.

M ü n ə c c i m
(gəlir, sola doğru yürür, pişxidmətə)
Gözlərin həp parıldar,
Yoqsa bir xəbərmi var?

P i ş х i d m ə t
Var yeni bir sevişmə.

M ü n ə c c i m
Nasıl, anlat, kim-kimə?

P i ş х i d m ə t
Südabəni gördüm bən
Səyavüşü öpərkən.

K e y k a v u s
Türk ordusu
Keçmiş bizim hüdudu.
Atılaraq iləri,
Talamışlar köyləri.

M ü n ə c c i m
Şahim! Bıraq təlaşı!
Qulun – münəccimbaşı
Yıldızları süzərkən;
Keçən gecə duydum bən,
Bu səfərdə ən parlaq
Zəfər bizimdir ancaq.

S ü d a b ə
Təkbaşına Zal oğlu
Üstün gələr onlara.

K e y k a v u s
Ya Səyavüş?

S ü d a b ə
Xayır, о
Getməsin bu qavğaya.

K e y k a v u s
Niçin?

S ü d a b ə
Çünki əqrəba!
Dönüklük etməzmi ya?
Anasıdır turanlı…

K e y k a v u s
(əlini köksünə vuraraq)
Babası da İranlı,
Cihan xain çıqsa da,
Çıqmaz Səyavüş əsla!
(Sağ tərəfdən çıqar.)

M ü n ə c c i m
(pişxidmətə)
Südabəni gördün sən
Səyavüşü öpərkən?
Gözdən qaçırma, diqqət!
(Bir kisəcik para atar.)
Al iştə, sus!
(Gedir.)

P i ş х i d m ə t
İtaət!
(Altınları avıcında oynataraq, şən qəhqəhə ilə.)
Altın, altın!.. О hər dərdin dərmanı,
Altın pəncəsindən qurtulan hanı?
Çalış cibin dolsun, cihan sənindir,
Ad şahın olsa da, fərman sənindir.
(Kisəni öpərək.)
İştə Yəzdani-pak, iştə Əhrimən!
Həp budur ağlatan, budur güldürən!..
Bu göstərir divi mələkdən incə,
Gündüz bunsuz olar qaranlıq gecə.

B i r i n c i c a r i y ə
(təlaş ilə gəlir)
Ah, fəlakət!..

P i ş х i d m ə t
Nə var, nə olmuş sana?

B i r i n c i c a r i y ə
Şahın çılğınlığı varmışdır sona,
Südabə getdi də, о fürsət buldu,
Həmən bizim odamıza soquldu,
Pəncəsində qaldı küçük cariyə,
Qızcığazı sürüklüyorr heçliyə.

P i ş х i d m ə t
(alayçı gülüşlə)
Yoq, canım, şahımız öylə səfilmi?
Qolundan tutaraq)
Sarsaq! Bütün qızlar onun deyilmi?

B i r i n c i c a r i y ə
(geri çəkilir, kinli)
Yerə batsın tacı, gülməsin yüzü!
(İç qapıya baqar.)
İştə о! Parlıyor canavar gözü,
Qurtar bəni, aman, gəldi…

P i ş х i d m ə t
(yan pərdəyi göstərir)
Gir, saqlan!
(Gizlənir.)
Kim vaz keçər sənin kibi maraldan.

K e y k a v u s
(sərxoş adımlarla ikinci cariyəyi izləyərək gəlir)
Getmə, dur, qaçma, gəl!
(Pişxidmətə.)
Saqın, bıraqma!

P i ş х i d m ə t
(qızın önünə keçib yaqalar)
Şaşırma!

K e y k a v u s
Baq, böylə!

İ k i n c i c a r i y ə
(şaha qarşı diz çökərək)
Qüsura baqma!
Bir çocuğum, hənuz yetişmədim bən…

K e y k a v u s
Könül həp zevq alır tazə qönçədən,
Unutma ki, hər gün nazlı bir sona,
Yavru bir gövərçin qismətdir bana.
(Qolları arasına alır.)

İ k i n c i c a r i y ə
(əlində çırpınır)
İstəməm, istəməm, öldürün bəni,
Lakin toqunmayın!

K e y k a v u s
Pək ey, gəl səni,
İncitməm, sevərək öpüb oqşarım.

İ k i n c i c a r i y ə
İstəməm…

K e y k a v u s
Sözümdən çıqsan, doğrarım.
(İçəriyə doğru sürüklər.)

P i ş х i d m ə t
(soyuq gülüşlə)
Gözəl töhfə! Budur nəsibin ancaq!
Qurtuluş yoq sana…

B i r i n c i c a r i y ə
(pərdə arqasından çıqar, Keykavusun getdiyi tərəfə)
Şərəfsiz, alçaq!

P i ş х i d m ə t
Ağzını yum, bu söz çəkilməz artıq,
Şaha qarşı nədir bu sayğısızlıq!?

B i r i n c i c a r i y ə
Yetər, о həris bir canavar kibi
Hər gün parçalayıb durur bir qəlbi
Beş gün əvvəl, ah! О qanlı hökmdar
Bənimlə də etdi bu dürlü rəftar.
İsmətimi aldı ayaq altına,
Yalvardım, çıqmadı səsim bir yana.

P i ş х i d m ə t
Qurtuluş yolu yoq deyildir sana.

B i r i n c i c a r i y ə
Söylə, hanki yoldur о, göstər bana!

P i ş х i d m ə t
(mə’nasız gülüşlə)
Şah keyfini sürdü, bu gündən sonra
(əli köksündə)
Onun kölgəsinə gəlmişdir sıra.

B i r i n c i c a r i y ə
Anlamadım…

P i ş х i d m ə t
Ondan artan yosmalar,
Bənim yatağımda nəş’əyə dalar.
Fəqət çoq sürmədən keçər fırtına,
О qız varır şanlı bir komandana.

B i r i n c i c a r i y ə
(fəna halda sarsılır)
Yetər, sus, yetər, ah, duyğusuz kölgə!
Bən istəməm ləkə üstündən ləkə.
(Getmək istər.)

P i ş х i d m ə t
Getmə, dur!

B i r i n c i c a r i y ə
Doqunma, yetər, rəzalət!
Göylərəmi uçdu haq və ədalət?

Bu sırada Səyavüş belində qılıc, başında yarımtac olaraq onları görüncə heyrətlə dinlər.

P i ş х i d m ə t
(qıza yaqlaşır)
Haq və ədalətmi?!.. О bir quş olsa,
Şahın sarayında yapamaz yuva.
 (Alaycı qəhqəhə ilə.)
Haq və ədalət!.. Nə gülünc əfsanə!
Bu lafdan хoşlanır ancaq divanə.
Çocuqluq yetişir, gəl bu aqşam da,
Vaqtını хoş keçir bənim odamda.
(Qızın qolundan tutaraq)
Unutma ki, sənin kibi yüzlərcə,
İsmətlər pozulur burda hər gecə.

B i r i n c i c a r i y ə
Bıraq, demək sən də Keykavus kibi,
Hiçliyəmi gömdün vicdanı, qəlbi?

P i ş х i d m ə t
Söylənmə, gəl bəri!

B i r i n c i c a r i y ə
(geri çəkilir)
Yetər quduzluq.

P i ş х i d m ə t
(qucaqlar)
Sən bir oyuncaqsın, bən də bir çocuq.

S ə y a v ü ş
(sərt və kinli)
О bir quzu, sən bir quduz canavar.
(Hər biri şaşqın adımlarla bir tərəfə gedər.)
Ah, nə qadar çirkin, vəhşi duyğular!..
Hiç yalan deyilmiş anamın sözü,
Başqa imiş sarayların iç yüzü.
О da bu çirkablar içində sönmüş,
Gənc yaşında ömrü sərabə dönmüş.
Sarmış da hər yanı bayquşlar səsi,
İştə, gülünc faciələr səhnəsi!

S ü d a b ə
(gəlir. Darğın baqışla ona yanaşar)
Səyavüş! Səyavüş! Küskünüm sana.

S ə y a v ü ş
Kəyan şahı nerdə? Sözüm var ona.

S ü d a b ə
Nə söz?

S ə y a v ü ş
Hərbə aid…

S ü d a b ə
Şaşırdınmı sən?
Niçin qavğa sözü düşməz dilindən?
Cəlladmısın, səndə gönül yoqmudur?

S ə y a v ü ş
Bəndəmi?

S ü d a b ə
Öylə ya…

S ə y a v ü ş
Niçin?

S ü d a b ə
(əli köksündə)
Aman, dur!
Səbr edəməm qavğa sözü gəlincə.

S ə y a v ü ş
Yuca ruhlu annə, qəlbin nə incə!?

S ü d a b ə
Bir yaşdayız, insaf edib baqsana,
Ana deyil, yalnız vurğunum sana.
(Birdən-birə sarılır)

S ə y a v ü ş
(şaşqın bir halda geri çəkilir)
Sən xastasın…

S ü d a b ə
Söylə, təbibim hanı?

S ə y a v ü ş
Səndə vardır azğın bir əqrəb qanı,
Ehtiras alavı yaqmasın səni.

S ü d a b ə
Söndür о atəşi, sevindir bəni!
Yoqsa… о atəşdə kəndin yanarsın,
Məhv olurkən bu хoş günü anarsın.

S ə y a v ü ş
Ölümdən qorqmuyor Keykavus oğlu,
Xəyanət ləkəsi daha qorqulu!..

S ü d a b ə
(diz çökərək)
Bir busə ver bana!..

S ə y a v ü ş
(qolundan tutub qaldırır)
Yetər bu zillət!

S ü d a b ə
Sənin, həp varlığım sənin…

S ə y a v ü ş
Rəzalət!

S ü d a b ə
Gözəlliyə qarşı kordur gözlərin,
Baq, eyi baq!..
(Sinəsini açar.)

S ə y a v ü ş
Əvət, gözəl hər yerin,
Lakin, əfsus, bənim gözümdə çirkin!..

S ü d a b ə
Təhqir etsən belə bıraqmam səni.
(Sarılır)

S ə y a v ü ş
(itələyər)
Çəkil, ehtirasın qara yelkəni!
Sən nəsin? Bir heç, bir şərəf xırsızı,
Vəhşi Suriyənin uğursuz qızı!
Pişxidmət bu levhəyi görür, çəkilir.

S ü d a b ə
(incə ipək kömləyini yırtıb paralar, köksü tamamilə dışarı çıqar)
Gözəlliyə qarşı kordur gözlərin.
(Çılğınca bir ahəng ilə bağırır.)
Sən xainsin, əvət, duyğusuz xain!
Ax, yetişin, bəni məhv etdi xain!

K e y k a v u s
(səsə çıqar)
Kimdir xain?

S ü d a b ə
Oğlun!

K e y k a v u s
Nə kirli təhqir!

S ü d a b ə
"Babam nerdə?" – deyə gəlib söz atdı,
Bana xəyanət əlini uzatdı.
Baq, iştə kömləyim!..

K e y k a v u s
Əvət, bəllidir.

S ü d a b ə
Bu çirkin ləkədən xilas et bəni!
(Hönkürtü ilə ağlayaraq pərdə arqasına keçər.)

K e y k a v u s
(səsə gələn pişxidmətə)
Çağır münəccimi!
Səyavüş! Səni
Yolundan sapdıran hanki duyğudur?

S ə y a v ü ş
Oğlun nə sapqındır, nə də suçludur.

K e y k a v u s
Bir həqiqət yoqmu bu sözdə?

S ə y a v ü ş
Əsla!
Ləkəm varsa təmizlərim qanımla.

M ü n ə c c i m
Nə olmuş?

P i ş х i d m ə t
Südabə etdi iftira.

M ü n ə c c i m
Şahim! Əmr ediniz!

K e y k a v u s
Var bir macəra,
Acı bir sirr!.. Onu kəşf et sən bizə!

M ü n ə c c i m
(qafasını sallayaraq)
Təlaş verir gözəl bir qadın sizə.

K e y k a v u s
Səyavüş nasıldır, о suçsuzmu, ya?

M ü n ə c c i m
Yoq bir düşüncəsi qavğadan başqa.

K e y k a v u s
Çarə bul, seçilsin doğru əyridən.

M ü n ə c c i m
Əmr ediniz atəş yaqılsın həmən;
Keçsinlər üstündən, diqqət eyləriz,
Yanan suçlu olur, yanmayan təmiz.

K e y k a v u s
Yanan suçlu olur, yanmayan təmiz.
(Qızğın)
Atəş, atəş!.. Çabuq atəş yaqılsın!

Pərdə


II SƏHNƏ


Atəş ətrafında oquyaraq Zərdüşt ayini icra edərlər.

M ö’ b i d l ə r
Əmr etmiş yaradan,
Bir sınaqdır iştə!
Günahsız bir insan
Yanmaz bu atəşdə.
Qızlar rəqs edərlər.

K e y k a v u s
Nerdədir məlikə?

B i r i n c i c a r i y ə
О şimdi bayğın!..

K e y k a v u s
Bayılsa ayılsın, ölsə dirilsin!

C a r i y ə gedər.

M ü n ə c c i m
İştə, atəş!

K e y k a v u s
Bıraq Südabə gəlsin.

M ö b i d l ə r
Müqəddəs alavdan
Keçənlər qurtulur.
Əyri yollar gedən
Həp yanar, kül olur.

Qızlar təkrar edərlər. Münəccim Səyavüşün tacını və qılıcını alır, ağ və uzun bir kömlək geyindirər, Südabə saçları dağınıq, bənizi uçmuş olduğu halda cariyələri ilə gəlir.

K e y k a v u s
Yaqın gəl!

S ü d a b ə
Əmriniz?

K e y k a v u s
Girin atəşə!

S ə y a v ü ş
Bən hazırım.

S ü d a b ə
Yazıqdır Səyavüşə.

K e y k a v u s
Öncə sən girərsin.

S ü d a b ə
Bu хoşdur bana,
Könlümdə yanğın var, başda fırtına.
(Acı gülüşlə.)
Tə’sir edərmi hiç atəş atəşə?
Vuruldum yanaraq bən Səyavüşə…

K e y k a v u s
(əl çalaraq)
Cəllad!..
(Südabəyi kinli baqışla süzərək.)
Nə sayğısız, nə düşgün qadın.
(İki təbərdar ilə cəllad gəlir.)
Alın şu azğını, həmən asılsın!
Hər kəs ibrət alsın cənazəsindən.

S ü d a b ə
(acı və şaqraq qəhqəhə ilə)
Nə dəhşətli qərar!? Gözəl düşünsən,
Sevgisiz yaşayan canlı bir məzar!
Sevərkən ölənlər daha bəxtiyar.
(İki-üç adım uzaqlaşaraq dönər.)
Səyavüş, Səyavüş! Sənin bir busən
Dəyərlidir Kəyan tacından…

S ə y a v ü ş
Ah, sən!..

S ü d a b ə
Əlvida, əlvida… eşsiz qəhrəman!

Gedərlər.

K e y k a v u s
Oh, ipəkli yılan, sevimli qaplan!

S ə y a v ü ş
Lütf ediniz!

K e y k a v u s
Söylə!

S ə y a v ü ş
Niçin asılsın?

K e y k a v u s
Ya nə olsun?

S ə y a v ü ş
Məhbəslərə atılsın,
Bəlkə Yəzdani-pak edər mərhəmət,
Tutduğundan peşiman olur…

V ə z i r
Əvət,
Oğlunuz hiç yanılmıyor, əfəndim!
Bu gözəl tədbiri bən də bəyəndim.

K e y k a v u s
Xayır, bu mümkünmü?

V ə z i r
Niçin olmasın?

K e y k a v u s
Niçinmi? Niçinmi? İştə, о sapqın
Çirkin bir ləkədir Kəyan tacına.

S ə y a v ü ş
Şaşırmış qadındır, acıyın ona!

V ə z i r
Baş hərəmdir, əvət, e’dam etsəniz;
Müztərib olacaq bundan ölkəmiz.

K e y k a v u s
Get, söylə, о vəhşi dağlar pərisi,
Duymamalı artıq bir insan səsi.

R ü s t ə m
Şah sağ olsun, iştə ordumuz hazır,
Bütün qəhrəmanlar əmrə muntazır.

K e y k a v u s
(münəccimlər çıqırlar, oğluna)
Səyavüş! Qalmadı bir şübhəm sana,
Vuruldum səndəki parlaq vicdana.
Bir ləkə var bəlkə ayda, günəşdə,
İncə bir iz belə yoq Səyavüşdə.
Əvət, südün təmiz, açıqdır alnın,
Sapdıramaz səni hər oynaq qadın.
Haydi, yavrum! Gözü yollarda ordun,
Get, zəfər tanrısı yardımçın olsun!

Keykavus əli ilə işarə edər, Rüstəm, Səyavüş, Tus, Bəhram və cəngavərlər gedər.

Pərdə