Vikimənbə:Günün mətni/dekabr 11
Anasının ölümündən Məcnunun xəbər tutması
Nizami Gəncəvi
Çərxin şəhsüvarı atlandı birdən,
Meydanı zəbt etdi həriflərindən.
Günəş ki, dünyadan bir qorxu duydu,
Şərab şüşəsini tağ üstə qoydu.
Sübhün üsyanından göylər söküldü.
Şüşə parçalandı şərab töküldü.
Məcnun dil verərək qəsidəsinə,
Yalnızlıq təblini çalırdı yenə.
Gecəli-gündüzlü nə vaxtdan bəri,
Dilindən düşməzdi qəsidələri.
Xəbəri yoxdu ki, anası yazıq,
Dünyadan yığışıb köçmüşdür artıq.
Səlimin qəlbindən ahlar yüksəldi,
O, qəmgin aşiqin yanına gəldi.
Paltar, yemək verdi çox ehtiyatla,
Sonra da dil açdı ona fəryadla:
"O bəlalər görmüş zavallı qarı
Ölüb tərk elədi bu ruzigarı.
O da öz köçünü sürdü dünyadan,
Öldü atan kimi səndən nigaran".