Vikimənbə:Günün mətni/dekabr 14
Bağdadlı Səlamın Məcnunun görüşünə getməsi
Nizami Gəncəvi
Deyir söz ustası, onu dinlə sən:
Bağdad şəhərinin əhalisindən
Vardı səxavətli, gözəl bir insan,
Camal sahibiydi o aşiq oğlan.
Bəlalər seylinə düşüb dünyada,
Eşqin silləsini dadmışdı o da.
Başından aşsa da məhəbbət dərdi,
Hər dərdə qatlaşıb qəmə dözərdi.
Dünya söyləyirdi adına Səlam,
Bəxt isə vermişdi o gəncə səlam.
O, eşq aləmində mərd dayanardı,
Şer oxumağa çox eşqi vardı.
Qeysin inci saçan o şerləri
Aləmə yayılıb düşəndən bəri
"Dərd əhli" deyirdi ona insanlar,
Onun pak təbinə heyran olanlar.
Dərdlilər eşitcək onun səsini,
Sürərdi yanına öz dəvəsini.
Ad qoydu Məcnunun eşqi dünyada,
Şəhərlər dolaşıb çatdı Bağdada.
Onun hər şerini gözəllər belə,
Deyirdi səs-səsə aşiqlər ilə.
Səlam düşündü ki, Bağdaddan getsin,
O qəmgin aşiqi ziyarət etsin.
Dəvəni yükləyib yola düzəldi,
Çaparaq bir ucsuz səhraya gəldi.