Vikimənbə:Günün mətni/dekabr 16

Zeydlə Zeynəbin sevgisi haqqında
Nizami Gəncəvi

Başqa bir aşiq də o zaman varmış,
O da bu dərd ilə zəncir qırarmış.
Dağ kimi durmuşdu ürəyində dərd,
Yazığı dağlara salmışdı möhnət.
Onu qurtarmışdı dəlilik, bilsən,
Bu divdən törəmiş cinsi-bəşərdən.
Təmiz bir gənc idi, vardı hünəri,
Dürrə bənzəyirdi xoş qəzəlləri.
Eşqin acısını dadıb dünyada,
Başını qoymuşdu bu yolda o da.
Öz adı Zeyd idi, sövda gəzərdi,
Xisləti Əmr ilə Zeydə bənzərdi.
Könül yuvasını zülmət sarmışdı,
Onun var-yoxunu eşq aparmışdı.
Əmisi qızına o vurulmuşdu,
Qız da bu oğlana aşiq olmuşdu.
Onların qəlbi də, fikri də birdi,
Onlar bir-birini candan sevirdi.
O gözəl camallı, o qəşəng nigar,
O divanə üçün tutmazdı qərar.
Oğlan da sevərdi öz cananını,
Bir tükdən asılı qalmışdı canı.