Vikimənbə:Günün mətni/dekabr 22

Leylinin ölümündən Məcnunun xəbər tutması
Nizami Gəncəvi

Bu məşhur dastanı yaradıb yazan
Yazmış səhifəyə belə bir fərman:
Ay batdı, dolanıb keçdikcə günlər,
Qəlbi qırıq Zeydə çatdı bu xəbər.
Ağlayıb könlünü açdı fəryada,
Deyin, ağlamayan varmı dünyada?
O, qara geyindi yası var kimi,
Ədalət axtaran adamlar kimi.
O qəbrin yanına yetişdi bir, bax,
Bahar buludu tək yaş axıdaraq,
Onun qan dalğalı qəbrinin üstə
Sorma nə haldaydı o qəlbi xəstə,
Sellər axıtdıqca o didəsindən,
İnsanlar baş alıb qaçdı səsindən.
Ah çəkib, aləmə vəlvələ saldı,
Qəmindən fələyin üzü qaraldı.
O parlaq çıraqlı, gözəl məzarı,
Tərk edib üz qoydu çöllərə sarı.
O çırağı sönmüş qaranlıq gecə
O yoldan azmışı taparaq təkcə,
Onun qarşısında zar-zar ağladı,
O dağlanmış qəlbi yenə dağladı.