Vikimənbə:Günün mətni/dekabr 24
Leylinin qəbri üzərində Məcnunun ölməsi
Nizami Gəncəvi
Məşhur söz ustası, o söz Loğmanı
Böylə tamamlayır bizim dastanı:
O xırmanı yanmış alışıb söndü,
Göz yaşından olan xırmana döndü.
İnsafsız fələyin əl dəyirmanı
Üyüdüb apardı haman xırmanı.
Çünki, zəif düşdü get-gedə bədən,
Daha gücsüz oldu o əvvəlkindən.
Canı ayağından dodağa çatdı,
Günü axşam olub zülmətə batdı.
Sızlayıb ahları göyə yüksəldi,
Torpaq gəlininin yanına gəldi.
O hasarlı qəbrə üz qoyub yatdı,
Gəmisi bulanıq bir suya batdı.
Xəstə qarınca tək başı fırlandı,
Yaralı ilan tək qıvrılıb yandı.
İki-üç beyt dedi qəmlə, möhnətlə,
İki-üç göz yaşı, tökdü həsrətlə.
Sonra da göylərə tutub üzünü,
Əl açıb o zaman yumdu gözünü: