Vikimənbə:Günün mətni/dekabr 7

Leylinin məktubunu Məcnunun oxuması
Nizami Gəncəvi

Məcnun o məktuba tez əl apardı,
Məktubun başında bu sözlər vardı:
"Əqlə dayaq olan, ömrə can verən
Bir şahın adıyla başlayıram mən.
Ondan dərs almayan kamal qalmamış,
Odur dilsizlərin dililə tanış.
Ondan ruzi tapır quşlar, balıqlar,
İşığı, zülməti bölən sənətkar
Göyü ulduzlarla işıqlandırmış,
Yerdə insan adlı günəş yandırmış.
O - calal sahibi əzəliyyətdir,
O - ölmək bilməyən əbədiyyətdir.
Ondan həyat alır bütün canlılar,
Həyatdan qiymətli xəzinəmi var?
Ağlın işığıyla bəzədi canı,
Bunlar da bəzədi bütün dünyanı.
Su kimi gövhərlər saçdı əlləri,
Sövdadan söz açdı onun dilləri.
Bu ipək məktubu oxu, gör nədir?
Bir qəm düşgünündən, dərd əhlindəndir.
Yəni bu hasarda həbs olan məndən
Sənədir ki, uçdun qırıq qəfəsdən
Necəsən, ey əhdi qədim olan yar?