Vikimənbə:Günün mətni/iyul 3
Nə yatıbsan ləhaf bəstər içində
Aşıq Pəri
Nə yatıbsan ləhaf bəstər içində,
Bimarmısan, nədir bəs halın sənin?
Eşqin mərəzinin mən təbibiyəm
Bəyan eylə mənə əhvalın sənin.
İsmi-şərifiniz dada yetişsin,
Mətləb alıb hər murada yetişsin.
Xaliq özü bir imdada yetişsin.
Hifzində saxlasın zavalın sənin.
Bar ilahım gülzarına qıymasın,
Xəstə olan bimarına qıymasın,
Şirin-şirin göftarına qıymasın,
Bağışlasın qaşi-hilalın sənin.