Vikimənbə:Günün mətni/iyul 30

Bayram gəlir
Mirzə Əli Möcüz

Eylə tərəhhüm, xuda, bəndəyi-bidövlətə,
Yoxdu tila kisədə zad-mad alım külfətə.
Mən necə əlboş gedim xaneyi-viranimə,
Axiri-çərşənbədir, mən nə deyim övrətə?
Az qalır axşam ola almamışam yağ, düyü,
Bir şahı da yox verəm, bircə dənə kibritə.
Dönməməli xanəyə, çəkməli dabanları,
Etməli burdan fərar, fatihə bu millətə!
Söyləyin, ey nazənin, sədriyi-izzət-qərin,
Yeddi lövünü ləin atdı məni qürbətə.
Zəhr kimi danışar, hər bir işə qarışar,
Görəsən övrətlərin xeyri nədir millətə?
Bu qısacıq ömürlə, neylirəm mən oğlanı,
O, para qazanınca mən gedərəm cənnətə.
Gər çiçək aparmıya, məndən sora sağ qala,
Yoxsul dədənin oğlu həsrət qalar rahətə.
Əgər oxuyub yazmaq nəsib ola oğluma,
Millət söyər goruma, ələ alsa qəzetə.
Yetimlə bazar dolu, bürəhnə qıçı-qolu,
Tumançaq Əliqulu xeyir verməz dövlətə.
Hər gün ruzə, hər gün çay, hər gün: "Ey vay, acam, vay!".
"Ey vay" qarın doyurmaz, paltar olmaz ümmətə.
Qulaq verin bir mənə, bayramdır, ey hacılar,
Başı açıq bacılar möhtacdı bir çərqətə.