Vikimənbə:Günün mətni/iyun 22

Nədi
Şair Aydın

Ay ağalar gəlin sizə ərz edim,
Söz qanana bu dünyada var nədi?
Dünya bir bostandı, pozular gedər,
Yemiş nədi, qarpız nədi, nar nədi?

Bu dünyada çox-çox şirin mal olar,
Tamahkarlar halı müşgül hal olar.
Qol burular, qulaq batar, lal olar,
Qohum nədi, qardaş nədi, yar nədi?

Kimi qaynar, kimi coşar, tökülər,
Kimi cavan ölər, qəddi bükülər.
Axirətdə bizə bir ev tikilər,
Qapı nədi, baca nədi, dar nədi?