Vikimənbə:Günün mətni/iyun 24
Gərəkdir
Qasım bəy Zakir
Bu dövrü-fanidə beş gün kişinin
Bir yaxşı vəfalı yarı gərəkdir.
Aralığa rəqib girə bilməyə,
Bir-birinə etibarı gərəkdir.
Əhdi dürüst ola, ilqarı möhkəm,
Gözündən irağa düşəndə bir dəm
Nə könlü açıla, nə ola xürrəm,
Fikri, zikri sənin sarı gərəkdir.
Yadlar ilə danışmaya, gülməyə,
Namünasib yerə gedib-gəlməyə,
Hər sözü şəninə layiq bilməyə,
Namusu, qeyrəti,arı gərəkdir.