Vikimənbə:Günün mətni/may 27

İstəməz
İmadəddin Nəsimi

Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz,
Könlümün dildarı sənsən, özgə dildar istəməz.

Cənnəti-ədnin tamaşası rüxün gülzarıdır,
Kim ki, şol gülzarı buldu, özgə gülzar istəməz.

Ta əbəd hirman imiş həqdən nəsibi, hər kim ol
Səndən, ey dilbər, iki aləmdə didar istəməz.

Könlümün məqsudi sənsən, hacəti həqdən budur,
Hacətindən ayru könlüm nəsnə, zinhar, istəməz.

Gəl ki, sənsiz könlüm, ey canü cahanın hasili,
Künfəkanın hasilindən oldu bizar, istəməz.

Sorma, ey dilbər, mana kim, hacətin məndən nədir,
Çünki mə’şuqindən ayru aşiqi-zar istəməz.