Vikimənbə:Günün mətni/noyabr 14

İbn-Səlamın Leylini istəməsi
Nizami Gəncəvi

Bağın calalını yaradan usta
Böylə nəql edirdi dastan xüsusda:
O gün ki, o bağa girdi aypara,
Yaydı şəfəqini asimanlara.
Gül sərvin başında dəstə bağladı,
Gülün və gülabın alçaldı adı.
Zəncir halqası tək biri-birinə
Keçmişdi Leylinin saçları yenə.
Yolda Bəni-Əsəd qəbiləsindən
Bir nəfər, Leyliyə rast gəldi birdən.
Böyükdü ondakı vüqar və hünər,
Ehtiram saxlardı ona ərəblər.
Çoxdu qəbiləsi və qohumları,
Hörmətlə keçərdi bütün ruzgarı.
Xalq da baş əyərdi o gəncə müdam,
Ona ad vermişdi bəxt-İbn-Səlam.
Gümüşlə, arxaydı ondakı hünər,
Onu barmaq ilə göstərərdilər.
O parlaq çırağı-Leylini görcək,
Bir çarə tapmağa əsdi külək tək.
Lakin o baxmadı heç də gərdişə
Ki, çıraq küləklə gəlməz sazişə.