Vikimənbə:Günün mətni/aprel 11
Anasını yada heç salmır Nəbim
Qaçaq Nəbi
Çəkilib sinəmə balamın dağı,
Əridi, qalmadı ürəyimin yağı,
Səsimi eşidib heç gəlmir Nəbim!
Anasını yada heç salmır Nəbim!
Ah çəkməkdən halım olubdu yaman,
Zalımlar əlindən dad-aman, aman,
Əldən getdi Nəbim, dəyişdi zaman,
Səsimi eşidib heç gəlmir Nəbim!
Anasını yada heç salmır Nəbim!
Bilməm kimə gedim mən şikayətə,
Yağı düşmən salıb məni zillətə,
Baş götürüb çıxım, gedim qürbətə,
Səsimi eşidib heç gəlmir Nəbim!
Anasını yada heç salmır Nəbim!
İyid canı qismət oldu torpağa,
Ürəyim dönübdü solmuş yarpağa,
Meydan oxuyarmış şirə qurbağa,
Səsimi eşidib heç gəlmir Nəbim!
Anasını yada heç salmır Nəbim!