Vikimənbə:Günün mətni/noyabr 15

Nofəlin Məcnunla tanış olması
Nizami Gəncəvi

Leyli çadırdaydı, o gizlənmiş ay
Pərdədə qalmaqdan olmuşdu rüsvay.
Açılmışdı onun abır pərdəsi,
"Leyli" çağırırdı hər neyin səsi.
O, ağıza, dilə dastan olmuşdu,
Ətir çəkənlərə reyhan olmuşdu.
Aşiqlər zikriydi o gözəl dilbər,
Dəfində çalırdı onu mütrüblər.
Qıvrılıb qalmışdı öz zülfü kimi,
Nə yuxusu vardı, nə də həmdəmi.
Didərgin Məcnun da atıb elləri,
Sərgərdan gəzirdi vəhşi çölləri.
Vəhşilər yanınca yazıq qoşaraq,
Gəzərdi çölləri qayəsiz, çılpaq.
Güclə tərpənirdi zəif bədəni,
Min dərdlə oxurdu o bir nəğməni.
Vüqarı qılmadı yerlərə səcdə,
Yenə baş götürüb yollandı Nəcdə.
Eşqin tikanına ayaq döyərdi,
Torpaq sovurardı ah olmuş dərdi.
Aşiqlər görəndə onun yasını,
Didib parçalardı öz libasını.