Bibliya/Habaqquq Peyğəmbərin Kitabı

Nahum Peyğəmbərin Kitabı Bibliya. Habaqquq Peyğəmbərin Kitabı

Sefanya Peyğəmbərin Kitabı


1 2 3 Qeydlər

«Habaqquq» Kitabı miladdan əvvəl VII əsrin axırına – Babillilərin hökmranlıq etdiyi dövrə aiddir. Bu qəddar xalqın törətdiyi zorakılıqdan narahat olan peyğəmbər Rəbbə sual verir:

«Pis özündən daha salehin başını yeyəndə
Axı niyə susursan?» (1:13).
Rəbb buna belə cavab verir:
«Budur, məğrurların niyyətləri düzgün deyil,
Amma saleh adam imanı ilə yaşayacaq» (2:4).

Kitabın qalan hissəsi pis adamların dəhşətli aqibətindən xəbər verir və Allahın böyüklüyünü izzətləndirən, Habaqququn güclü imanını bəyan edən şairanə ilahi ilə bitir.

Kitabın məzmunu

  • 1:1-2:5 Habaqququn şikayəti və Rəbbin cavabı
  • 2:6-20 Pis adamların aqibəti
  • 3:1-19 Habaqququn duası

1 Habaqquq peyğəmbərə görüntü ilə nazil olan xəbərdarlıq. Habaqququn şikayəti

2 Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam?
Sənsə eşitmirsən.
«Zorakılıq var!» deyə Sənə fəryad edirəm,
Lakin bizi qurtarmırsan.
3 Niyə mənə şər göstərirsən,
Özün də haqsızlığa baxırsan?
Hara nəzər salsam,
Orada soyğunçuluq və zorakılıq var,
Davaların, çəkişmələrin sonu yoxdur.
4 Buna görə qanun qüvvədən düşdü,
Ədalətə üstünlük verilmir.
Pis adamlar salehləri dövrəyə alır,
Ona görə ədalət təhrif olunur.

Rəbbin cavabı

5[1] Baxın o biri millətlərə,
Gördüklərinizə təəccüblənərək mat qalın.
Sizin vaxtınızda elə işlər görəcəyəm ki,
Bunu sizə danışsalar, inanmazsınız.
6[2] Budur, Mən amansız və qəddar milləti –
Dünyanın dörd tərəfinə yüyürən,
Özgə məskənləri zəbt edən
Xaldeyliləri qaldırıram.
7 Onlar dəhşətli və qorxuncdur,
Ədalət və şərəf yalnız onlar deyəndir.

8 Atları bəbirdən çevik,
Özləri isə ac qurddan daha azğındır,
Süvariləri yeri deşərək uzaqdan gəlir,
Şikarını yeməyə cuman qartal kimi şığıyır.
9 Onların hamısı zorakılıq üçün gəlir,
Hamısı bir nəfər kimi irəliyə üz tutur,
Əsirləri qum kimi yığırlar.
10 Padşahlara rişxənd edirlər,
Hökmdarlara gülürlər.
Hər qalalı şəhərə lağ edirlər,
Oraya torpaq qalağı töküb ələ keçirirlər.
11 Onlar yel kimi keçib-gedir.
Qüvvələrini özlərinə allah edən bu adamlar
Təqsirkar sayılacaq.

Habaqquq yenə də Rəbbə şikayət edir

12 Əzəldən bəri var olan Sən deyilsənmi?
Ya Rəbb, Allahım, Müqəddəs Olanım,
Biz ölməyəcəyik.
Ya Rəbb, məhkum etmək üçün onları təyin etdin.
Ey Qayamız, bizi cəzalandırma hökmünü onlara verdin.
13 Sənin gözlərin çox təmizdir,
Şəri görən gözün yoxdur,
Pis əməllərə dözə bilmirsən.
Bəs xəyanətkarlara necə baxa bilirsən?
Pis özündən daha salehin başını yeyəndə
Axı niyə susursan?
14 Sən insanları sanki dəniz balıqlarına,
Başçıları olmayan sürünən canlılara çevirdin.
15 O onların hamısını qarmaqla çəkir,
Torla çıxarır, ağlarına[3] yığır,
Buna sevinib-şadlanır.
16 Buna görə torları üçün qurban kəsir,
Ağları üçün buxur yandırır,
Axı o bu torlarla
Bol və ləzzətli yemək əldə edir.
17 Torunu durmadan boşaltmağa,
Millətləri amansızcasına qırmağa davam edəcəkmi?

1 Keşiyimdə duracağam,
Gözətçi qülləsində dayanacağam.
Baxım Rəbb mənə nə deyəcək,
Görüm şikayətlərimə nə cavab verəcək?

Rəbbin cavabı

2 Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, Qoy hər kəs tez onu oxuya bilsin. 3[4] Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək. 4 Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, Amma saleh adam imanı ilə yaşayacaq. 5 Həm də bu məğruru şərab aldadır, Bu təkəbbürlü adam sakit durmaz, Acgözlüyünü ölülər diyarı kimi genişləndirir, Ölüm kimi heç doymaz. Bütün millətləri özü üçün toplayar, Bütün xalqları özü üçün əsir alar.</poem>

Xaldeylilərin sonrakı aqibəti

6 Amma bütün bu əsir alınanlar
Onu lağa qoyacaqlar,
İstehzalı müəmmalarla deyəcəklər:
“Özünə aid olmayanı ələ keçirənin,
Xərac alıb varlananın vay halına!
Bu nə vaxta qədər davam edəcək?”
7 Sənə xərac verənlər bir gün
Qəflətən qiyam etməzmi?
Oyanıb sizi qorxutmazmı?
Budur, o vaxt onlara qənimət olacaqsan.
8 Bir çox milləti soyduğun üçün
Xalqlardan sağ qalanlar səni də soyacaq.
Çünki insan qanı tökdün,
Ölkələrə və şəhərlərə,
Orada yaşayan hər kəsə zorakılıq etdin.

9 Evini haram qazancla dolduranın,
Fəlakətdən qaçmaq üçün
Yuvasını yüksək yerdə quranın vay halına!
10 Sən çox xalqları qırmaqla
Öz evini rüsvay etdin,
Öz həyatına günah gətirdin!
11 Belə ki divar daşları bu barədə fəryad qoparacaq,
Taxta tirlər əks-səda verəcək!

12 Şəhəri qanlarla tikənin,
Kəndi haqsızlıqla quranın vay halına!
13 Xalqlar odda yandırılmaq üçün zəhmət çəkir,
Ümmətlər boş yerə özünü yorur.
Bu, Ordular Rəbbindən deyilmi?
14[5] Çünki sular dənizi bürüdüyü kimi
Dünya Rəbbin izzətinin biliyi ilə doldurulacaq.

15 Qonşuların çılpaq bədənlərinə tamaşa etmək üçün
Onlara şərab içirdib sərxoş edənin,
İçkiyə zəhrimar qatanın vay halına!
16 Hörmət əvəzinə xəcalətlə doyacaqsan,
Sən də iç, çılpaqlığını göstər;
Rəbbin sağ əlindəki cam
Sənin üzərində fırlanacaq.
Rüsvayçılıq hörmətin üzərinə gələcək.
17 Livanda etdiyin zorakılıq öz başına gələcək,
Heyvanların qırğını səni dəhşətə gətirəcək;
Çünki insan qanı tökdün,
Ölkələrə və şəhərlərə,
Orada yaşayan hər kəsə zorakılıq etdin.

18 Sənətkarın oyduğu yonma ya tökmə bütün
Yalan öyrətməkdən başqa nə xeyri var?
Bütü düzəldən sənətkar öz işinə güvənir,
Amma onun düzəltdiyi
Dilsiz bütdən başqa nədir ki?
19 Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!”
Deyən insanın vay halına!
Büt yol göstərə bilərmi?
Budur o, qızılla, gümüşlə örtülüb,
Daxilində isə həyat nəfəsi yoxdur.

20 Lakin Rəbb müqəddəs məbədindədir,
Qoy bütün dünya Onun önündə sussun!»

Habaqququn duası

1 Peyğəmbər Habaqququn duası,
Şiqqayonlar[6] kökü üstündə.

2 Ya Rəbb, Sənin şöhrətin haqqında eşitdim,
Ya Rəbb, gördüyün işlərə görə qorxdum.
Bizim vaxtımızda da eyni işlər gör,
Bizim dövrümüzdə bunları bildir!
Qəzəblənəndə mərhəmətini xatırla!

3 Allah Temandan,
Müqəddəs Olan Paran dağından gəldi. Sela[7]
Ehtişamı göyü bürüdü,
Yer üzü Ona edilən həmd-sənalarla doldu.
4 Cah-calalı günəş tək parıldayır,
Əlindən nur tökülür,
Qüdrəti əlində gizli saxlanılıb.
5 Vəba Onun önündə gedir,
Ölümcül xəstəlik arxasınca gəlir.
6 O durdu, yeri tərpətdi,
Baxdı, millətləri sarsıtdı,
Qədim dağlar dağıldı,
Əzəldən qalan təpələr ona baş əydi.
Allahın yolu əbədidir.
7 Gördüm ki, Kuşan çadırları əziyyət altındadır,
Midyan çadırlarının pərdələri lərzəyə gəldi.

8 Ya Rəbb, məgər Sən
Çaylara qarşı qəzəblənmisən?
Acığın irmaqlara qarşıdırmı?
Yoxsa dənizə qarşı hiddətlənmisən?
Axı atlarına, müzəffər döyüş arabalarına minmisən?
9 Yayını açdın,
Oxdanını oxlarla doldurdun. Sela
Yer üzünü çaylarla yardın.

10 Səni görüb dağlar lərzəyə gəldi,
Sellər hər yanı süpürüb axdı,
Dərinliklər gurladı, dalğalar qalxdı.
11 Uçan oxlarının qığılcımından,
İşıldayan nizənin parıltısından
Günəş və ay yerlərində durdu.
12 Yer üzündə qəzəb içində gəzdin,
Millətləri hiddətlə tapdaladın.
13 Sən Öz xalqının qurtulması üçün,
Məsh etdiyinin xilası üçün çıxdın,
Şər nəslin başçısını əzdin,
Təpədən dırnağa qədər onu soydun. Sela
14 Cəngavərləri fırtına tək
Bizi dağıtmağa gələndə
Onların başını öz nizələri ilə deşdin.
Onlar gizlənən zavallıları
Məhv edənlər kimi sevinərdi.
15 Sən Öz atlarınla dənizi tapdaladın,
Coşğun suları köpüklətdin.

16 Eşitdim və varlığım lərzəyə gəldi,
Səsindən dodaqlarım əsdi.
Çürüklük sümüklərimə girdi,
Dizlərim titrədi.
Amma bizə hücum edən xalqın
Fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm.
17 Əncir ağacı tumurcuqlanmasa da,
Meynələr bar gətirməsə də,
Zeytun ağaclarına çəkdiyim zəhmət boşa çıxsa da,
Tarlalar məhsul yetişdirməsə də,
Qoyun-keçi ağıllarda,
Mal-qara tövlələrdə yox olsa da,
18 Mən yenə Rəbdə sevinc tapacağam.
Xilasımın Allahı ilə şadlıqdan coşacağam!

19[8] Xudavənd Rəbb mənim qüvvətimdir,
Ayaqlarımı marallar kimi çevik edir,
Zirvələrimdə məni gəzdirir.

Musiqi rəhbəri üçün: simli alətlərin müşayiəti ilə.

Qeydlər

redaktə
  1. Həv. 13:40-41
  2. 2Pad. 24:2
  3. Ağ – torun bir növü.
  4. Rom. 1:17; Qal. 3:11; İbr. 10:37-38
  5. Yeş. 11:9
  6. Şiqqayonlar – fərz edilir ki, bu bir musiqi terminidir.
  7. Sela – fərz edilir ki, bu bir musiqi terminidir.
  8. 2Şam. 22:34; Zəb. 18:33

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy