Bibliya/Paulun Efeslilərə Məktubu
←Paulun Qalatiyalılara Məktubu | Bibliya. Paulun Efeslilərə Məktubu |
Paulun Filipililərə Məktubu→ |
1 | 2 | 3 | 4 | 5 | 6 | Qeydlər |
Paulun «Efeslilərə Məktubu»nun mövzusu əsasən məktubun 1:10-cu ayəsinin ətrafındadır:
«Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək». Bu həm də Allahın xalqına bir xahişdir ki, onlar Allahın böyük planına uyğun olaraq yaşayıb insanları İsa Məsihdə birliyə çatdırsınlar. Məktubun birinci hissəsində müəllif Ata Allahın Öz xalqını seçməsi, onların günahlarını Oğlu İsa Məsih vasitəsilə bağışlaması və Allahın Müqəddəs Ruh tərəfindən zəmanət verilmiş vədi barədə danışır. Məktubun ikinci hissəsində Paul oxucularından xahiş edir ki, onların Məsihdəki birliyi yaşadığı həyatları ilə uyğun olsun.
Paul bu məktubu yazarkən məcazi mənada ifadələr işlədir. Bunu Allahın xalqının Məsihdə birliyini nümayiş etdirmək üçün edir. Məsələn, imanlı cəmiyyəti insan bədəninə, Məsih isə bu bədənin başına yaxud imanlılar binaya, Məsih isə guşədaşına bənzədilir. Paul həm də burada Məsihdə Allahın verdiyi lütfdən çox danışır. Hər bir şey Məsihin məhəbbətinin, bağışlamasının, lütfünün və paklığının nurunda göstərilir.
Kitabın məzmunu:
- 1:1-2 Giriş
- 1:3-3:21 Məsih və imanlılar cəmiyyəti
- 4:1-6:20 Məsihdə yeni həyat
- 6:21-24 Son salamlar
1
redaktə1[1] Allahın iradəsi ilə Məsih İsanın həvarisi olan mən Pauldan Məsih İsada sadiq qalan Efesdəki müqəddəslərə salam! 2 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
Məsihdə bizə bəxş olunan bəxtiyarlıq
3 Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun! 4 O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq. 5 Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün. 6 Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək. 7-8[2] Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik. 9 Allah əvvəlcə sirr olaraq saxladığı iradəsini xoş məramına görə bizə bildirdi. Bu məramını O, Məsihdə əvvəlcədən təyin etmişdi. 10 Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək. 11 Hər şeyi Öz iradəsindən yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq ki, 12 qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin mədhi üçün mövcud olaq. 13 Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz. 14 Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək.
Paulun imanlılar üçün duası
15 Bundan ötrü mən də Rəbb İsaya olan imanınız və bütün müqəddəslərə göstərdiyiniz məhəbbət barədə eşidib 16 sizi dualarımda yada salaraq durmadan sizin üçün şükür edirəm. 17 Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. 18[3] Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, 19 Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz. 20 Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasından dirildib səmada Öz sağında oturtdu 21 və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi. 22[4][5] Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. 23 Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür.
2
redaktəÖlümdən həyata keçdik
1[6] Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz. 2 Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz. 3 Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik.
4 Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün 5 təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. 6 Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu. 7 Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi. 8 Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. 9 Əməllərlə deyil ki, heç kim öyünə bilməsin. 10 Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.
Allahın yeni cəmiyyəti
11 Buna görə cismən başqa millətlərdən olan sizlər bir zamanlar kim olduğunuzu yada salın; bədəndə əllə icra olunan sünnətə malik olub «sünnətlilər» deyə tanınanların «sünnətsiz» adlandırdığı sizlər 12 o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz. 13 Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz.
14[7] Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı. 15 Qanunu əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsin 16 və çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti yox etdi. 17[8] O gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakılara bu barışdırma Müjdəsini yaydı. 18 Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik. 19 Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. 20 Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. 21 Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. 22 Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz.
3
redaktəPaula vəhy vasitəsilə bildirilən sirr
1 Mən Paul siz başqa millətlərdən olanlar uğrunda Məsih İsanın məhbusuyam. 2 Eşitdiyiniz kimi, Allahın sizin üçün mənə verdiyi lütfü sizə çatdırmaq vəzifəsini daşıyıram. 3 Yuxarıda qısaca yazdığım kimi, Allah sirri mənə vəhy vasitəsilə bildirdi. 4[9] Yazdıqlarımı oxuyanda Məsihin bu sirrini necə dərk etdiyimi anlaya bilərsiniz. 5 Bu sirr əvvəlki nəsillərin dövründə bəşər övladlarına açıq bildirilməmişdi. İndisə Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır. 6 Sirr budur ki, başqa millətlər də Müjdə vasitəsilə Məsih İsada eyni irsin ortağı, eyni bədənin üzvü və eyni vədin şərikidir.
7 Allah qüdrətli fəaliyyəti ilə lütfünü mənə verdi, buna əsasən Müjdəni yaymaq üçün xidmətçi oldum. 8 Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi ilə bağlı Müjdəni millətlərə yayım 9 və hər şeyi yaradan[10] Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edim. 10 Belə ki Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmadakı başçılara və hakimlərə bildirilsin. 11 Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu. 12 Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik. 13 Buna görə xahiş edirəm ki, mənim sizin üçün çəkdiyim əziyyətlərdən ötrü ruhdan düşməyin. Bu sizə izzət gətirir.
Məsihin məhəbbətini dərk etmək
14-15 Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın[11] qarşısında diz çökürəm ki, 16 O, izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin 17 və Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın. Siz də məhəbbətdə kök salıb təməl qoyasınız, 18 belə ki bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, 19 hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız. 20 Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha 21 imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin.
4
redaktəBədənin birliyi
1 Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz. 2[12] Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün. 3 Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın. 4 Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, 5 Rəbb bir, iman bir, vəftiz bir, 6 hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır.
7 Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir. 8[13] Bunun üçün belə deyilir:
«Ucalara çıxıb əsirləri Özü ilə apardı,
İnsanlara hədiyyələr verdi».
9 Bəs bu «çıxıb» sözü nə deməkdir? Yalnız o deməkdir ki, Məsih əvvəlcə aşağılara, yer üzünə də enmişdi. 10 Enən də Odur, hər şeyi bütövləşdirmək üçün bütün göylər üzərinə çıxan da Odur. 11 Özü kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban[14] və müəllim təyin etdi ki, 12 Məsihin bədəninin inkişafından ötrü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər. 13 Bunun nəticəsində hamımız imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacağıq. 14 Belə ki artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıqları hiylələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq. 15 Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək. 16[15] Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir. Köhnə həyat və yeni həyat
17 Beləliklə, bunu Rəbdə olaraq deyir və xəbərdarlıq edirəm ki, siz artıq başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin. 18 Onların şüurlarını qaranlıq alıb və mənəviyyatca nadan, qəlbən inadkar olduqlarına görə Allah həyatına yad oldular. 19 Həssaslığı hərtərəfli itirərək hərisliklə hər cür murdar işlər üçün özlərini pozğunluğa verdilər. 20 Sizsə Məsihi elə öyrənməmisiniz. 21 Əlbəttə, siz İsanın səsini eşitdiniz və İsada – Ondakı həqiqətə əsasən təlim aldınız. 22[16] Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın, 23 ruhən və əqlən yeniləşin, 24 əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
25[17] Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik. 26[18] Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub 27 iblisə yer verməyin. 28 Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun. 29 Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. 30[19] Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz. 31 Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun. 32[20] Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.
5
redaktə1 Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. 2[21] Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün.
3 Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz. 4 Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun. 5 Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq.
Nurda gəzin
6 Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir. 7 Buna görə də onların şəriki olmayın. 8 Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün. 9 Çünki nurun bəhrəsi[22] hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür. 10 Rəbbi razı salan şeyləri ayırd edin, 11 qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin. 12 Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır. 13 Nurun ifşa etdiyi hər şey aşkardır, 14 bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir:
«Ey yatan, oyan və ölülər arasından diril!
Məsih sənin üzərinə nur saçacaq».
15 Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. 16[23] Hər fürsətdən istifadə edin, çünki günlər şərdir. 17 Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin. 18 Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun. 19[24] Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun. 20 Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.
Evdə olan münasibətlər
21 Məsih qorxusu ilə bir-birinizə tabe olun.
22[25] Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun. 23 Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır. 24 Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsunlar.
25[26] Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. 26 Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin 27 və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın. 28 Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. 29 Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar. 30 Axı biz Onun bədən üzvləriyik.[27]
31[28] «Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq». 32 Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm. 33 Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin.
6
redaktə1[29] Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin. Bu haqdandır. 2[30] İçində vəd olan ilk əmr budur: «Ata-anana hörmət et ki, 3 xoş güzəranın və yer üzündə ömrün uzun olsun».
4[31] Ey atalar, siz də övladlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və öyüdü ilə böyüdün.
5[32] Ey qullar, Məsihə itaət etdiyiniz kimi dünyəvi ağalarınıza da qorxu və lərzə ilə səmimi qəlbdən itaət edin. 6 Bunu yalnız insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi can-dildən Allahın iradəsini yerinə yetirmək üçün edin. 7 İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin. 8 Bilin ki, istər qul, istərsə də azad – hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq.
9[33] Ey ağalar, siz də həmçinin qullarınızla bu cür rəftar edin. Daha onlara hədə-qorxu gəlməyin. Bilin ki, onların da, sizin də Ağanız göylərdədir və O, insanlar arasında tərəfkeşlik etməz.
Allahın verdiyi ruhani zireh və silahlar
10 Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin. 11 İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün. 12 Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır. 13 Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz. 14-15[34] Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun. 16 Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün. 17[35] Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün. 18 Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin. 19-20 Ağzımı hər açanda mənə lazımi söz verilsin deyə mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim Müjdənin sirrini açım və bu Müjdəni lazımınca cəsarətlə bəyan edə bilim.
Salam göndərmə
21[36][37] Necə olduğumu və nə iş gördüyümü siz də biləsiniz deyə Rəbdə sevimli qardaş və sadiq xidmətçi Tixik sizə hər şeyi bildirəcək. 22 Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o sizin qəlbinizi ovutsun.
23 Ata Allah və Rəbb İsa Məsihdən bacı-qardaşlara sülh və imanla məhəbbət olsun. 24 Rəbbimiz İsa Məsihi ölməz məhəbbətlə sevənlərin hamısına lütf olsun!
Qeydlər
redaktə- ↑ Həv. 18:19-21; 19:1
- ↑ Kol. 1:14
- ↑ Zəb. 110:1
- ↑ Zəb. 8:6
- ↑ Kol. 1:18
- ↑ Kol. 2:13
- ↑ Kol. 1:19-20; 2:14
- ↑ Yeş. 57:19
- ↑ Kol. 1:25-27
- ↑ Yaradan – bəzi əlyazmalarda İsa Məsih vasitəsilə yaradan.
- ↑ Atanın – bəzi əlyazmalarda Rəbbimiz İsa Məsihin Atasının.
- ↑ Kol. 3:12-13
- ↑ Zəb. 68:18
- ↑ Çoban – yəni cəmiyyət rəhbəri.
- ↑ Kol. 2:19
- ↑ Yar. 1:26; Kol. 3:9,10
- ↑ Zək. 8:16
- ↑ Zəb. 4:4
- ↑ Yeş. 63:10
- ↑ Kol. 3:13
- ↑ Çıx. 29:18; Zəb. 40:6
- ↑ Nurun bəhrəsi – bəzi əlyazmalarda Ruhun səmərəsi (Qal. 5:22).
- ↑ Kol. 4:5
- ↑ Kol. 3:16-17
- ↑ Kol. 3:18; 1Pet. 3:1-2
- ↑ Kol. 3:19; 1Pet. 3:7
- ↑ Üzvləriyik – bəzi əlyazmalarda üzvləriyik, Onun ətindən, sümüklərindənik.
- ↑ Yar. 2:24
- ↑ Kol. 3:20
- ↑ Çıx. 20:12; Qanun. 5:16
- ↑ Kol. 3:21
- ↑ Kol. 3:22-25
- ↑ Qanun. 10:17; Kol. 3:25; 4:1
- ↑ Yeş. 52:7; 59:17
- ↑ Yeş. 59:17; 1Sal. 5:8
- ↑ Həv. 20:4; 2Tim. 4:12
- ↑ Kol. 4:7-8